Yanukoviçin oğlunun ölümü təsdiqləndi

Yanukoviçin oğlunun ölümü təsdiqləndi
  23 Mart 2015    Oxunub:1895
Viktor Yanukoviç Sevastopolda hərbi qəbiristanlıqda dəfn olunub.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko sabiq prezident Viktor Yanukoviçin kiçik oğlu Viktor Viktoroviç Yanukoviçin Baykal gölündə öldüyü barədə məlumatı təsdiqləyib.

AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, A. Geraşşenko hadisə şahidlərinə istinadən öz “facebook” səhifəsində yazıb ki, oğul Yanukoviçin idarə etdiyi “Volkswagen Multivan” markalı mikroavtobus buzun qırılması nəticəsində suya batıb.

“Mikroavtobus buzun altına getməyə başlayıb. Viktorla birlikdə mikroavtobusda olan 5 nəfər xilas ola bilib, lakin su mikroavtobusa sürücü tərəfdən dolmağa başladığından o, təhlükəsizlik kəmərini açmağa macal tapmayıb və suda boğulub”, - deyə müşavir bildirib.

33 yaşlı V. Yanukoviçin artıq Sevastopola aparılaraq hərbi qəbiristanlıqda dəfn olunduğu bildirilir.

Qeyd edək ki, martın 22-də bəzi KİV oğul Viktor Yanukoviçin öldüyü barədə xəbər yayıb.

Məlumata əsasən, onun və digər 5 nəfərin olduğu mikroavtobus qadağan olunmasına baxmayaraq, Baykal gölündə buzun üstü ilə hərəkətdə olarkən buz qırılıb və nəqliyyat vasitəsi suya batıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi zərərçəkmişlərin adlarını çəkmədən belə bir hadisənin baş verdiyini təsdiqləyib. Daha sonra ölənin Viktor Davıdov adlı şəxs olduğu barədə məlumat yayılıb. Oğul Viktor Yanukoviçin Rusiyada hansı soyadla yaşadığı məlum deyil.

Yalnız oğul Viktor Yanukoviçin ana nənəsinin familiyasının Davıdova olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti