Ermənistanda Sarkisyana qarşı etirazlar
Sarukyanı müxtəlif cinayətlərdə günahlandıran prezident ondan siyasətdən çəkilməsini tələb edir. Bu tələbin ardından ölkənin sayca ikinci siyasi qüvvəsi olan “Çiçəklənən Ermənistan” partiyasının sıraları seyrəlməkdə davam edir. Qaqik Sarukyan da partiyanın lideri vəzifəsindən istefa verib.
Sabiq xarici işlər naziri Vardan Oskanyan deyib ki, onun “Çiçəklənən Ermənistan” partiyasının sıralarını tərk etməsinə səbəb bu partiyanın erməni cəmiyyətinin ölkəni düzgün, sağlam inkişaf yoluna yönəltmək arzusunu reallaşdıra bilməməsi olub.
Gümrünün meri Samvel Balasanyan isə yaydığı bəyanatda öz qərarını partiyanın lideri Sarukyanın sədr vəzifəsindən istefa verməsi və siyasətdən tamam uzaqlaşması ilə izah edir.
Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İskandaryan deyib ki, Qaqik Sarukyanın təxminən 10 il bundan əvvəl təsis etdiyi partiyanın sədri vəzifəsini tərk etməsi “Çiçəklənən Ermənistan”ın və erməni müxalifətinin iflasına səbəb olacaq.
Politoloq Qaqik Hambaryan isə bildirib ki, Ermənistanda ötən 20 il ərzində partiyaların şəxsiyyət ətrafında deyil, ideya naminə yaradılması mədəniyyəti hələ də formalaşmayıb. (AzərTAc)