`Müharibəni təkcə ruslar deyil, bizlər də udmuşuq` - Polad Bülbüloğlu

`Müharibəni təkcə ruslar deyil, bizlər də udmuşuq` - Polad Bülbüloğlu
  27 Fevral 2015    Oxunub:2239
“Şübhəsbiz ki, Bakıya “Qəhrəman şəhər” statusunun verilməsinə müsbət yanaşıram və bu təşəbbüsü tam dəstəkləyirəm.Bakı şəhəri Böyük Vətən müharibəsində qələbə qazanmaq üçün çox şey edib. Hətta belə ifadə var ki, bu, mühərrik müharibələri olub. Məlumdur ki, mühərriklər benzinsiz işləmir. Bakı şəhəri cəbhədə qələbə üçün sutkanın 24 saatını da işləyib”.
Bu sözləri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ölkənin kavpolit.com saytına Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi ilə bağlı təklifə münasibətini şərh edərkən deyib.

Səfir qeyd edib ki, cəbhəyə Azərbaycandan 660 minə yaxın insan çağırılıb. Həmin vaxt Azərbaycanda əhalinin sayı təxminən 3,5 milyon nəfər olub. Ölkədə qalan qadınlar, uşaqlar istirahət bilmədən cəbhə üçün işləyiblər.

P.Bülbüloğlu deyib: “Mühəndisləri neft hasilatı üçün saxlayıblar, lakin onlar da cəbhəyə getməyə çalışırdılar. Məhz o çətin müharibə illərində yeni nəsil təyyarələri yüksək oktanlı yanacaqla təmin etmək lazım idi. Kimyaçı alim Yusif Məmmədəliyev benzinin tərkibində oktanı artıran xüsusi maddə icad etdi”.

Azərbaycanlı diplomatın sözlərinə görə, Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi ədalətli olardı.

“Biz bu gün müxtəlif ölkələrdə yaşayırıq, lakin Bakıya belə bir statusun verilməsi gecə-gündüz cəbhə üçün çalışaraq həyatlarını itirmiş insanların xatirəsinə ehtiram olardı” - deyə səfir qeyd edib.

“Bu bir daha xatırladacaq ki, müharibəni birlikdə udmuşuq. Müharibəni təkcə ruslar deyil, keçmiş Sovet İttifaqının bütün vətəndaşları udublar. Zənn edirəm ki, Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi vacib ictimai-siyasi akt olardı. Qələbəyə əhəmiyyətli töhfə verənləri yad etmək çox düzgün olardı” – deyə P.Bülbüloğlu vurğulayıb. (AzərTAc)


Teqlər:  





Xəbər lenti