“Daha çox ulduzu izləyə biləcəyik” - MÜSAHİBƏ

“Daha çox ulduzu izləyə biləcəyik” -  MÜSAHİBƏ
  17 May 2013    Oxunub:1892
Şamaxı Rəsədxanasının direktoru: “Əksər rəsədxanalarla müqayisə oluna bilərik”
AzVision.az saytının müsahibi Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevdir


- Təmirdən sonra hansı yeni imkanlarınız yaranıb?
- Təmirdən sonra bizim iki metrlik teleskopumuz çox yaxşı rejimdə işləyəcək. Yəni müasir qəbuledicilərlə təmin olunub. Ona görə də daha uzaq, daha zəif ulduzları müşahidə etməyə imkan verəcək.
İkincisi, müşahidələrin özlərinin gedişatı çox sürətlənib, yəni avtomatlaşdırılma, kompüterləşdirmə hesabına işlər daha keyfiyyətli olacaq. Əvvəllər bir gecədə 3-4 ulduzu müşahidə edə bilirdiksə, indi bir gecədə onların sayı bir neçə dəfə artacaq.
Müşahidələrin online sistemində birbaşa aşağıya, konfrans zala verilməsi, operatorların işinin yüngülləşdirilməsi, digər teleskopların modernləşməsi üzərində işlər aparılır. Yaxın vaxtalarda onlar da işə qoşulacaq. Bütövlükdə, rəsədxananın maddi-texniki bazası xeyli yaxşılaşdırılıb. Yeni cihazlar gətirilib. Bunların hamısı işin keyfiyyətinə təsir edəcək.

- Hazırda astronomiya sahəsində hansı elmi işlər aparılır?
- Astronomiyada prioritet sahələr var. Ulduzlar ətrafında yeni planetlərin axtarılmasına, kosmoloji müşahidələrə böyük yer verilir. Yer ətrafı brizin öyrənilməsi, monitoriq olunması, günəşin yerə təsiri prioritet məsələlərdən biridir. Bu cür məsələlər çoxdur .

- Kosmosdan təhlükələr gələrsə, onlardan əvvəlcədən xəbərdar olmaq imkanınız varmı?
- Belə proqrama biz də qoşulacağıq. Xüsusi beynəlxalq proqramlar var təhlükəsizliklə bağlı. Bizim şəraitimiz həmin proqrama qoşulmağa imkan verəcək.

- Astronomiya elminin Azərbaycanda inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- Dünənki görüşdə də nümayiş olundu ki, bir sıra elit rəsədxanalar var, onları dövlətlər bir yerdə hazırlayırlar. Bu rəsədxanalar Çilidə, Amerikanın Havay ştatında, Kanar adalarındadır. Belə rəsədxanaların hazırlanması çox böyük vəsait tələb edir. Bunları çıxmaq şərtilə, biz inkişaf səviyyəmizə görə qalan rəsədxanalarla müqayisə oluna bilərik.

- Astronomlarımız harada yetişirlər?
- Bizim astronomlar əsasən Bakı Dövlət Universitetinin astronomiya-fizika kafedrasında təhsil alırlar. Biz onların elmi səviyyələrinin qorunması üçün çox işlər görürük. Digər universitetlərdən də qaynaqlanırıq, axtarırıq, harada istedadlı gənclər varsa, onları işə götürürük. Çalışırıq ki, daha çox oğlan uşaqlarına üstünlük verək, çünki, bizim işimiz elədir ki, gecələr müşahidə aparmaq lazımdır.

- Xarici ölkələrdə astronomiya elmini təbliğ etmək üçün müxtəlif maarifləndirici aksiyalar həyata keçirilir... Bizdə belə planlar varmı?
- Rəsədxana olaraq, bu istiqamətdə çoxlu işlər görürük. Bakı şəhərində də planetarium təşkil olunub. Orada çox gözəl mühazirələr aparılır. Rəsədxana uzaq olduğu halda, o, Bakı şəhərinə çox yaxındır. Çox adam gəlir, uşaqlarını gətirir. Orada vəsaitlər var ki, onlar da astronomiyanın təbliğində böyük rol oynayırlar.

- Müasir dövrümüzdə astronomiya işi necə qurulub?
- Gecələr təhqiqatlar, müşahidələr aparılır. Bəzi təhqiqatlar var ki, onlar teleskopla bağlı deyil, nəzəri təhqiqatlardır. Müşahidələrin aparılması, informasiyanın ümumiləşməsi və digər təhqiqatlar var. Bizim Bakı şəhərində ofisimiz yerləşir, orada astronomlar toplaşırlar, təhqiqatlar aparırlar. Hesablama, proqnozlaşdırma işləri gedir.. Yəni işlərimiz çoxşaxəlidir.

- Beynəlxalq səviyyədə kadr mübadiləsi aparılırmı?
- Bəli, bizim gənc əməkdaşlarımız mütəmadi olaraq başqa ölkələrə göndərilir. Əməkdaşlarımız Bolqarıstanda, Ukraynada, Rusiyada olurlar , aylarla kurs keçirlər. Yeni yaranmış şəraitimiz imkan verəcək ki, xaricdən də gəlib staj artımı edilsin. Bu il bizim kadrlar Rusiyada, Ukraynada staj artımı keçdilər.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti