`Dualı dillərdə yaşar şəhidlər...` - ŞEİRLƏR
Hopub yaddaşlara,dönüb daşlara,
Adil ürəklərdə yaşar şəhidlər.
Ölümdən bac alıb ölümsüzlüyü,
Dərd çəkib hər dərdə yaşar şəhidlər.
Sonsuz üfüqlərsi yurdu,oylağı,
Ölüb yaşayarlar mələk sayağı,
Əbədiyyət adlı aşılmaz dağı,
Aşan sevgilərdə yaşar şəhidlər.
Həqiqət aynası, qeyrət güzgüsü,
Hər şəhid məzarı Vətən kürsüsü,
Adları dillərdə Vətən türküsü,
Şirin nəğmələrdə yaşar şəhidlər.
Yaradan eşqindən don geyə-geyə,
Rahat uyusunlar məzarda deyə,
Bütöv Azərbaycan əl açar göyə,
Dualı dillərdə yaşar şəhidlər.
O rəhmət beşiyi,mərhəmət kanı,
Hifz etsin Anamız Azərbaycanı,
Vətəni olmayan Vətəndaş hanı?
Vətən olan yerdə yaşar şəhidlər.
* * *
Şəhid oğlu
Ağlama vətən qeyrəti,
Sızlayır yurdun həsrəti.
Bu da bir tale qisməti,
Atan şəhid oldu,oğul,
Bu yol ən pak yoldu,oğul.
Adın qaldı şəhid oğlu.
Haqqa haqlı şahid oğlu.
Bu vətənin vahid oğlu,
Zirvəyə yol aldı oğul,
Bu yol ən pak yoldu oğul.
Gəl ağlama ruhum çökdü,
Bu göz yaşın yurda yükdü.
Mələklər göz yaşın tökdü.
Onunçün saç yoldu,oğul,
Bu yol ən pak yoldu oğul.
Haqsızlığı görə-görə.
Gəldik sinə gərə-gərə.
Vətən şəhid verə-verə,
Tarix yaşa doldu,oğul,
Bu yol ən pak yoldu oğul.
Sən ömür sür gülə-gülə.
Qoyma ki,boynun bükülə.
Sən ağlama.sən fəxr elə.
Atan şəhid oldu oğul,
Bu yol ən pak yoldu oğul.
* * *
Sinəmə çəkilən ən böyük dağdı,
Yazanda alışır əlim, Qarabağ.
Yurdunda yurduna necə uzaqdı,
Düşmənə yurd olan elim-Qarabağ.
Ruhum sənin üçün illər yorğunu,
Bircə yol izn ver alım ağrını,
Yanlar yandırdılar qara bağrını,
Deyəndə göynəyir dilim, Qarabağ.
Oğullar gərəkdir canından keçə,
İgidlik camından bir qurtum içə.
İstərəm ruhumla yenə bu gecə,
Səni ziyarətə gəlim,Qarabağ.
* * *
Söndü Qarabağda odlar,ocaqlar,
Qisasa çağırır,Vətən bizləri!
Baxıb Qarabağa o ruhlar ağlar,
Qısasa çağırır,Vətən bizləri!
Qara buludludur,yurdun səması,
Ağıdır,gör neçə ana laylası.
Ömrün son günüdür,yoxdur sonrası,
Qisasa çağırır,Vətən bizləri!
Mən şişmiş damaram,düşmən bir zəli,
Kəsilsin yurdumdan düşmənin əli.
Uçub Qarabağda eşqin təməli,
Qisasa çağırır,Vətən bizləri!
Tuşlanıb hədəfə dəyməyir oxum,
Düşmən hiyləsindən de,niyə qorxum?
Bir gün görəydim ki,çin olub yuxum,
Qisasa çağırır,Vətən bizləri!
Açın bu yollara düşən düyünü,
Qarabağ eşqiylə qəlbim döyünür.
Bu gün qisas günü,qana qan günü,
Qisasa çağırır,Vətən bizləri!
* * *
Çöküb sinən üstə düşmən hiyləsi,
Yolunu tutubdur duman, Qarabağ!
Qoynunda uyuyan ruhların səsi,
Qəlbimi göynədir hər an, Qarabağ!
Düşmən tapdağında inləyir elim,
Bu dərdi deməyə gəlməyir dilim.
Hay vur, harayına hay verib gəlim,
Yetişim dadına,aman,Qarabağ!
Donub zaman ötür,vaxt ağır-ağır,
Hər gün başı üstə ildırım çaxır.
Qar da bədbəxtlikdən qapqara yağır,
Küsübdür bəxtindən zaman,Qarabağ!
Elnur öz eşqinə kölədir,kölə.
Sənə qovuşmadan qorxur ki, ölə.
Kim sənin laylanı çalıbdır belə?
Bir aç gözlərini, oyan, Qarabağ!
* * *
Çəkir həsrət yükünü,
Qan ağlayır,Qarabağ.
Açılmır bəxt düyünü,
Qan ağlayır,Qarabağ.
O torpaqda ruhların,
Soyumayan ahları.
Anıb o günahları,
Qan ağlayır,Qarabağ.
Gələndə hər yaz,bahar,
Ərimir döşündə qar.
Əsir olub duyğular,
Qan ağlayır,Qarabağ.
Qovammır namərdi,yox,
Bundan ağır dərdi yox.
Elə sanır mərdi yox,
Qan ağlayır,Qarabağ.
Vətənsizdir Vətəndə,
Günahkar sən də,mən də.
Hər gün şəhid verəndə,
Qan ağlayır,Qarabağ.
* * *
Vətən mənə nə verdi?,
Qışqırıb bunu deyən.
Vətəndən nə umursan?
Bir yol özündən soruş,
Sən Vətənə nə verdin?
Səndən başlanır Vətən!
İstər olum şimallı,
Cənubu da mənimdir.
İstərsə şərqdə olum,
Qərb qəlbən həmdəmimdir.
Mən Vətənin oğluyam,
Anama olduğutək,
Bu Vətənə borcluyam!
Bunu belə anladım,
Məndən başlanır Vətən,
Tanrıya sədaqətdən,
Dindən başlanır Vətən.
Aç,aç qəlbin qulağını,
Bəxtəvər Vətən oğlu,
Fəxr elə,fəxr elə ki,
Səndən başalnır Vətən!
Teqlər: