Ziya Bünyadov Fon Makka qarşı

Ziya Bünyadov Fon Makka qarşı
  09 May 2013    Oxunub:4751
1942-ci ildə Faşist komandanlığı Qafqazı tutmaq üçün Parisdən gətirdikləri Fon Makkın 23-cü tank diviziyasına böyük ümidlər bəsləyirdi. Diviziyanın üç polku - «Nordland», «Vestland» və «Döyçland» ən etibarlı polklar sayılırdı. Fon Makk üç dəfə Hitlerə raport göndərmişdi ki, onun diviziyası birinci olaraq Bakını işğal edəcək.
Novo Pavlovskaya və Prava Urvanskiy rayonlarında gedən altı günlük döyüşlər zamanı həmin diviziyanın 100-dən çox tankı və çoxlu piyadası məhv edildi. Yeddinci günü Fon Makkın diviziyasının qalıqları Beslan çayına kimi geri qovuldu. Həmin diviziyanın 126-cı və 128-ci motorlu polklarının şəxsi heyyətinin 60 faizi sıradan çıxarıldı. Öldürülənlər arasında general Fon Makkla bərabər iki yüksək rütbəli qərargah zabiti də vardı.

Bu döyüşlərdə Bakıda formalaşdırılmış və şəxsi heyyətinin əksəriyyəti azərbaycanlılar olan 271-ci diviziya xüsusilə fərqləndi.

Həmin döyüşlərdə leytenant Ziya Bunyadov və onun komandiri olduğu vzvod misilsiz qəhramanlıq göstərdi. Vzvodun daxil olduğu 9-cu briqadanın qoruduğu mövqelərin üzərinə 80 faşist tankı hücum edirdi. Bunlardan 17-si Ziya Bunyadovun vzvodunun qoruduğu mövqelərin üzərinə gəlirdi.

Leytenant Bunyadov sərrast atəşlə tanklardan 2-ni vurdu. Öz komandirlərinin qəhrəmanlığından ruhlanan əsgərlər düşmənin 10 tankını yandırdılar. Cəmi 2 tankvuran tüfəng və 20 qumbara ilə bu döyüşdə 17 faşist tankının hamısı məhv edildi.

Bu igidliyə görə Z.Bunyadov Qırmızı Ulduz ordeni ilə təltif edildi və ona kapitan rütbəsi verildi.

1942-ci ilin noyabrı Mozdok istiqamətində faşistlərin taqətdən salındığı və qəti olaraq hücumların qarşısının alındığı ay idi. Həmin dövrdə hücum edən tərəflə müdafiə olunan tərəfi bir-birindən ayırmaq çox çətin idi. Hər iki tərəf gah hücum edir, gah da müdafiə olunurdular. Almanlar müdafiəni yararaq Bakıya doğru can atır, Sovet Ordusu isə hücumları dəf edərək onları geri oturtmağa çalışırdı. Sovet qoşunlarının inadlı müqaviməti sayəsində taqətdən düşmüş faşist qüvvələri İşşersk - Kopustino - Novo -Lednev rayonlarından irəli gedə bilmədilər. Düşmənin qarşısının alınmasında azərbaycan atıcı diviziyaları böyük rol oynadı. Şimali Qafqazda 100 mindən çox faşist əsgər və zabiti məhv edildi.

***

...1945-ci il 14 yanvar. Sovet qoşunları II Dünya müharibəsi tarixində həlledici hücumlardan birinə hazırlaşırdı. Birinci Belorusiya cəbhəsinin komandanı Marşal Jukov Ali Baş Komandan Stalinin adından bütün cərimə rota və batalyonlarının komandirlərinə qaşıdakı Visla-Oder əməliyyatının çox mühüm əhəmiyyət kəsb etdiyini izah etdi.

Kapitan Ziya Bünyadovun rotasına düşmənin üçqat müdafiə xəttini yararaq keçmək, Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü nəzarətə götürmək və texnikanın bu körpüdən keçməsini təmin etmək tapşırığı verilmişdi.

Bu döyüş İkinci Dünya müharibəsinin tarixində "Oderdə Bahar" adı ilə tanınan məşhur hərbi əməliyyat planının həyata keçirilməsi üçün uğurlu başlanğıc oldu.

Gənc azərbaycanlı zabit üçün yazılmış təltif vərəqində deyilirdi:

"...Kapitan Ziya Bünyadovun 123-cü əlahiddə rotası 1945-ci ilin 14- 16 yanvarında düşmənin Manquşevsk sahəsindəki miidafıə xəttinin yarılmasında iştirak etmişdir. Məharətli komandanlıq nəticəsində rota Dombruvki kəndinin cənub kənarından və dəmir yolu xəttindən keçərək yanvarın I4-də Pilitsa çayını birinci keçmiş, sol sahildə ələ keçirdiyi döyüş mövqeyini 89-cu qvardiya diviziyasının əsas atıcı hissələrinin gəlib çatmasına qədər saxlamışdır.
Rota 160 düşmən əsgər və zabitini məhv etmiş, 45 əsgər əsir götürmüş, 5 ədəd altılüləli minamyot, 3 top, çoxlu sayda avtomat, tüfəng, sursat, ərzaq və başqa qənimət ələ keçirmişdir.”

Bu qəhrəmanlığına görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 27 fevral tarixli fərmanı ilə rota komandiri Ziya Musa oğlu Bünyadova ən yüksək fəxri ad – “Sovet İttifaqı Qəhrəmanı” adı verildi. Bu yüksək mükafata layiq görülənə qədər Ziya Bünyadov, Mozdokdan Berlinə qədər uzanan döyüş yolunda göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Qırmızı Bayraq”, “Qırmızı Ulduz”, “Aleksandr Nevski”, “II dərəcəli Vətən Müharibəsi Ordenləri”, “Qafqazın Müdafiəsinə görə”, “Varşavanın azad edilməsinə görə”, qələbədən sonra isə “Berlinin alınmasına görə” və “Almaniya üzərində qələbəyə görə” medallari ilə təltif edildi. Müharibə qələbə ilə bitəndən sonra 1946-cı ilədək Ziya Bünyadov Berlinin Pankov rayonunda hərbi komendantın kimi xidmət elədi. Almaniyadakı quruculuq işlərində fərqləndiyinə görə Ziya Bünyadov Almaniyanın ən yüksək mükafatlarından biri –“Vaffenbruderşaft” qızıl medalı və Almaniyanın Gənclər İttifaqının “Artur Bekker” qızıl medalı ilə təltif edildi.


Füzuli Sabiroğlu
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:  





Xəbər lenti