Azərbaycanda əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir

Azərbaycanda əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir
  16 Dekabr 2014    Oxunub:1545
Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə hüdudlarından kənara çıxarılması qaydaları sərtləşdirilir.
AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Miqrasiya Məcəlləsində dəyişikliklər edilib.

Dəyişikliklər barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Məcəllənin 80.2 maddəsinə təklif edilən dəyişikliyə əsasən, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk etməkdən boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, onlar müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanması mərkəzlərində yerləşdirilir.

Mövcud qanunvericilikdə isə tələb daha yumşaq formada qoyulur. Yəni, mövcud qanunvericilikdə eyni maddədə göstərilir ki, Azərbaycanın ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılanadək qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanması mərkəzinə yerləşdirilir.

Yəni yeni təklif edilən dəyişikliklərdə yalnız konkret olaraq boyun qaçırma zamanı deyil, eyni zamanda boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər saxlanılır.

Qeyd edək ki, dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az





Teqlər:





Xəbər lenti