Milli Məclis qadın zorakılığına qarşı
Tədbiri giriş sözü açan Milli Məclisin deputatı, AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Rasizm və ksenofobiya üzrə alt komitəsinin sədri Sahibə Qafarova Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusən də qadınlara qarşı zorakılıqla mübarizə sahəsində görülmüş işlərdən danışıb.
AŞPA-nın katibliyi tərəfindən hazırlanan kitabın əhəmiyyətini vurğulayana S.Qafarova demişdir ki, indiyədək 14 dilə tərcümə edilən kitab millət vəkilləri üçün dəyərli vəsait sayıla bilər.
Daha sonra Konvensiya barədə söhbət açan S.Qafarova bildirib ki, 2011-ci il mayın 11-də İstanbulda imzalanan bu sənəd, təsdiqlənmək üçün 29 ölkəyə təqdim olunub. Artıq 4 ölkə sənədi ratifikasiya edib.
Bildirilib ki, İstanbul Konvensiyası qadınlara qarşı zorakılıqla mübarizə, zorakılıq qurbanlarının müdafiəsi, onu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi, bu sahədə siyasətin daha da dərindən formalaşması kimi məsələləri hərtərəfli olaraq özündə ehtiva edir.
Tədbirdə iştirak edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, qadın hüquqlarının müdafiəsi və məişət zorakılığının qarşısının alınması cəmiyyətin mütərəqqiliyindən və sağlamlığından xəbər verir. Azərbaycan bu sahədə mühüm nailiyyətləri ilə seçilən ölkələrdən biridir. Ölkəmizdə bu sahədə möhkəm hüquqi bazanın yaradılmışdır. Qeyd edilib ki, hazırda ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilməkdədir.
AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsi sədrinin birinci müavini, qadınlara qarşı zorakılıq üzrə məruzəçi Hose Mendes Bota çıxışında demişdir ki, İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq üzrə məcburi hüquqi qüvvəyə malik olan ilk sənəddir və dünyanın istənilən ölkəsi bu sənədə qoşula bilər. Konvensiya qadınlara qarşı zorakılığın qanuna zidd, cinayət olduğunu təsdiq edir və bununla mübarizədə adekvat cəzalar tətbiq etməyə çağırır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputat Aytən Mustafayeva, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay çıxış edərək fikirlərini bölüşüb, qadınlara qarşı zorakılıqla mübarizə üsullarının gücləndirilməsi ilə bağlı təkliflər irəli səsləndiriblər.
Teqlər: