Türkiyə kimi seçəcək? Putin və Baydenin kritik səfərləri – TƏHLİL

Türkiyə kimi seçəcək? Putin və Baydenin kritik səfərləri – TƏHLİL
  29 Noyabr 2014    Oxunub:7289
Dekabrın 1-də Rusiya prezidenti Vladimir Putinin Ankaraya çox ciddi bir səfəri gözlənilir. O qədər ciddi ki, artıq rəsmi səfərdən dövlət səfəri statusuna qaldırılıb.

Ölkəsi Qərbin iqtisadi sanksiyalarından ağır sıxıntı keçirməyə başlayan Putinin Ankarada müzakirə edəcəyi çox ciddi məsələlər var. Görünür, buna görə də, Putin gəlməmişdən ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə bu həftə səfər edərək, Türkiyə-Amerika müttəfiqliyində bəzi məqamları dəqiqləşdirməyə ehtiyac hiss edib.

Həm də bu ehtiyac o qədər ciddi olub ki, hətta Bayden özünü alçaldaraq, Ərdoğandan ötən ay dediyi sözlərə görə üzr belə istədi. Yada salaq ki, ABŞ-ın vitse-prezidenti İŞİD-in güclənməsində Ərdoğanı ittiham etmiş, sonra ikinci dəfə təkrarən sözünün üstündə durduğunu demişdi. Bu həftə isə üzr istəyərək, sözünü geri götürdü.

Putinin Ərdoğandan hansı vacib istəkləri ola bilər?

Hazırda bir tərəfdən rus rublu sürətlə zəifləyir, ikinci tərəfdən neftin qiyməti Rusiya üçün faciəvi sürətlə düşür. Artıq hər kəsə aydındır ki, bu, iqtisadi proses deyil, ABŞ-ın Rusiyaya qarşı ticarət müharibəsidir. Bu müharibədə 140 milyard dollar itirən Rusiyanın dəstək umacağı dövlətlərdən biri əsas ticarət tərəfdaşlarından olan Türkiyədir.

Putinin düz 2 il əvvəl – 2012-ci ilin dekabrında Ankaraya səfəri zamanı iki ölkə strateji tərəfdaş olduqlarını təsdiqləmiş, ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı qarşıya məqsəd qoymuşdular. İstisna deyil ki, indi Putin Ankaradan ticarət dövriyyəsini dollarla yox, rublla həyata keçirməyi istəyə bilər.

Bundan başqa, hazırda Türkiyə neftin qiymətinə də təsir edə biləcək gücdədir. Çünki İŞİD-in qara bazarda ucuz neft satması dünya bazarında qiymətləri öldürən amillərdən biridir və belə görünür ki, buna ABŞ özü də imkan yaradır. Türkiyə isə istəsə, İŞİD-in qara bazarra çıxışına əngəl törədə bilər. Hərçənd, bu, onun özünə sərf etmir, amma Putin Ərdoğanı hansısa vədlərlə yola gətirə bilər. Məsələn, ucuz neft söz verməklə...

Çox güman, Baydenin əsas istəyi bu olub ki, Ankara Putinin bu cür istəklərinə “yox” desin və özü də bəzi sanksiyalara qoşulsun. Onun səfərinin Putinin gəlişi ərəfəsində profilaktik məqsəd daşıdığını təsdiqləyən başqa məqam da var. Bayden İstanbulda qatıldığı “Enerji və iqtisadiyyat” sammitində bildirib ki, Aralıq dənizi regionunda Azərbaycan və İranın da iştirakı ilə daha etibarlı bir enerji bölgəsi yaradacaqlar. Bu, nə deməkdir?

Hazırda neftin qiymətinin düşməsindən ciddi ziyan çəkən digər dövlət İrandır. Onun zəifləməsində Amerika ilə yanaşı, Səudiyyə Ərəbistanı da maraqlıdır. Amma belə olanda İran Rusiyanın təbii müttəfiqinə çevirilir. Onu öz planlarına daxil etməklə Bayden Rusiyanı bu sahədə də təkləməyə çalışır.

ABŞ vitse-prezidentinin Ərdoğanla görüşü 45 dəqiqə planlaşdırılsa da, 4 saat çəkib. Aydındır ki, İŞİD və Suriya məsələləri bu qədər danışıla bilməzdi. Baydenin Ərdoğandan daha ciddi istəkləri olub. Amma ala bilibmi? Bunu gələn həftə görəcəyik.

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti