Bakıda müəlliməni öldürən şəxs tutuldu

Bakıda müəlliməni öldürən şəxs tutuldu
  16 Noyabr 2014    Oxunub:2109
Baş Prokurorluq Bakıda iki müəllimin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, ilkin araşdırmalarla yol qəza hadisəsini törətməkdə şübhəli bilinən Cəmil Yaqubovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1978-ci il təvəllüdlü Cəmil Yaqubov tutulub. İkinci piyada Məlahət Rəhimovanın xəstəxanada vəfat etməsi ilə əlaqədar cinayət işi həmin məcəllənin 263-1.4-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

E. Sultanov həmçinin qeyd edib ki, cinayət işinin istintaqı Baş prokuror Zakir Qaralovun xüsusi nəzarətindədir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə noyabrın 15-də axşam saatlarında Hövsan qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını yolu keçən Gülnarə Canıyeva və Məlahət Rəhimovanı vurub. Nəticədə G. Canıyeva aldığı xəsarətdən hadisə yerində, M. Rəhimova isə xəstəxanada dünyasını dəyişib.

Qəza nəticəsində dünyasını dəyişən qadınların hər ikisi orta məktəb müəlliməsidir.


Teqlər:  





Xəbər lenti