Kişilər doğuşda iştirak edə bilərmi? - AKTUAL

Kişilər doğuşda iştirak edə bilərmi? - AKTUAL
  13 Noyabr 2014    Oxunub:3969
Səhiyyə Nazirliyinin açıqladığı rəsmi məlumata əsasən, Azərbaycanda 2012-ci ildə 173 min 547 doğuş zamanı 26 , 2013-cü ildə isə 175 minə yaxın doğuş qeydə alınıb ki, bu zaman 25 ana ölümü faktı baş verib. Cari ildə isə 22 ana ölümü qeydə alınıb.

Qeyd edək ki, doğuş zamanı həyatını itirənlər tək analar deyil, eləcə də yenicə dünyaya göz açan körpələrdir.

Ana və ya uşağın ölümü çox vaxt xəstənin yaxınları ilə həkimlər arasında ciddi problem yaradır. Qarşı tərəf uşağın və ya ananın həkim məsuliyyətsizliyi səbəbindən, həkimlər isə başqa səbəblərdən həyatını itirdiyini deyirlər.

Srağagün Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində də eyni situasiya yaşandı. Yeni dünyaya gələn körpənin ölümündə valideynlər mamaçanı günahlandırdılar. Səhiyyə Nazirliyi isə uşağın ürək çatışmazlığından öldüyünü açıqladı.

Bəs, cür hallarda ananın ailə üzvlərinin və ya ən yaxınlarının doğuşda iştirak etmək, anaya dəstək olmaq hüquq varmı?

Xarici ölkələrin bir çoxunda doğuş zamanı atanın və ya digər ailə üzvlərinin prosesdə iştirak etməsinə icazə verilir. Bizdə isə bu ənənə formalaşmayıb.

Millət vəkili Musa Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, ölkəmizdə də ailə üzvləri ananın razılığı ilə doğuşda iştirak edə bilər.

“Qanunda bununla bağlı hansısa qadağa yoxdur. Ümumiyyətlə, qanunvericilikdə nəsə qadağan deyilsə, ona icazə var. Ona görə də ananın yaxınları doğuş evinin müdriyyətinə rəsmi şəkildə ərizə ilə müraciət edib, iştirak edə bilərlər.

Yəni ki, yaxınların iştirakı xəstəxananın baş həkimi ilə razılaşdırılmalıdır. Baş həkim ya icazə verir, ya da icazə verə bilməməsinin səbəbini əsaslandırır. Ola bilər ki, həkim infeksiya və digər səbəblərdən icazə verməsin. Hər halda əsaslandırılmış cavab verməlidir”.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Mama Ginekologiya Şöbəsinin həkimi Ellada Sarıyeva isə deyir ki, Azərbaycanda yaxınların doğuşda iştirakı hazırkı şəraitdə bir çox problemlər yaradır.

“Azərbaycan mentalitetində dünya görüşü, tibbi savad zəif olduğuna görə ailə üzvülərinin doğuşda iştirakı əlavə problemlər yaradır.

Əgər icazə verilərsə, xəstənin yaxınlarının bir çoxu, böyükdən kiçiyə kimi hamı doğum evinə daxil olub anti-sanitariya qaydalarını pozacaq.

Bundan başqa həmin insanların geyindirilməsi üçün əlavə vəsait lazımdır. Ona görə də buna tam hazır deyilik. Doğrudur, bəzi klinikalarda buna icazə verilir. Məsələn, Tibb Universitetinin cərrahiyyə klinikasında yaxınların iştirakına icazə verilir. Klinikanın aseptik, anteptik qaydalara əməl etmək üçün tam maddi imkanı var. Rəsmi də icazə verilir.

Doğuşa buraxılmamanın bir sıra səbəbləri və detalları var. Məsələn, kimsə aktiv qrip virusuna yoluxarsa, bu ananın vəziyyətini daha da pisləşdirə bilər. Bu cür səbəblərə görə Azərbaycanda ənənəvi hal almayıb. Düzdür, qanunla bu inkar olunmur. Amma klinikların çoxunda bunun üçün şərait yoxdur”.

E. Sarıyeva bildirib ki, mədəniyyət, tibbi dünya görüşünün az olması həkim işinə müdaxiləyə səbəb olur.

“Onların əməliyyat otağında dayanması müdaxiləyə şərait yaratmamalıdır. Bəzən tibb işçisinə təzyiq edirlər. Məcbur edirlər ki, xəstənin yanında həkim normadan artıq olsun. Bu da düzgün deyil. Xəstə sancısını keçirtməlidir.

Bu halların olmamaları üçün xüsusi, valideyn məktəbləri var. Belə məktəblərin İngiltərədə təcrübəsindən çox yaxşı faydalanırlar. Bizdə bu hələ işlənilməkdədir. Ailə üzvləri özünü necə aparmalı və necə dəstək verməlidir. Məsələn, bizdə qadın sancı çəkir, onun anası qapını açıb qışqırır ki, “can ay bala anan ölsün”. Qadın sancını keçirtməlidir də. Onun əgər anestezioloqa ehtiyacı varsa, onu da həkim təyin etməlidir.

Bunun üçün bir proqram hazırlanmalıdır, mütəxəssislər təşkil olunmalıdır. Klinikalarımızın çoxu bunu həyata keçirdə bilmir. Ola bilər ki, sən qadının həyat yoldaşını içəri buraxdın, ancaq onun doğuş haqqında məlumatı az olduğu üçün xəstədən qabaq doğum otağında ürəyi gedəcək. Azərbaycanda mamalıq təcrübəsi hər cəhətdən çoxdur. Amma əhalinin əksəriyyəti buna hazır deyil. Bunun üçün ilk olaraq valideyn məktəblərindən keçməlidirlər”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti