Deputat Avropa qurumlarının rəhbərlərinə müraciət etdi
Avropa Parlamentinin Prezidenti cənab Martin Şultsa,
Avropa Komissiyasına, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə, Avronest PA-nın həmprezidentləri cənab Kristian Vigenin və cənab Boris Tarasyuka, Avropa Parlamentinin bütün üzvlərinə,
Avronest PA-nın bütün üzvlərinə
Hörmətli cənab Prezident,
Hörmətli həmkarlar,
Beynəlxalq müşahidə missiyaları 18 fevral 2013-cü ildə işğalçı dövlət Ermənistanda keçirilmiş prezident seçkilərini çoxsaylı pozuntular olmasına baxmayaraq, demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından “demokratik seçkilər” kimi dəyərləndirdi.
Sözügedən ölkə Azərbaycanın ərazisini 25 ilə yaxın bir dövrdə işğal altında saxlamaqla, işğal olunmuş torpaqlarda yaşayan və ya yaşamalı olan vətəndaşların fundamental insan hüquqlarının hər gün pozulması faktına məhəl qoymamaqla və 1992-ci ilin fevralında törətdiyi Xocalı soyqırımı cinayətini rədd etməklə göstərdiyi ümumi davranışla və demokratik dəyərlərə hörmətsizlik nümayiş etdirməklə, həm Avropa İttifaqı, həm də Avropa Şurasının prinsip və dəyərlərini kobud şəkildə pozur.
Belə ki, BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu bir daha diqqətinizə çatdıraraq, aşağıdakı suallarımı cavablandırmanızı sizdən xahiş edirik:
1. Avropa Şurasının və Avronest PA-nın üzvü olan bir dövlətin, – Ermənistanın, – Avropa Şurasının üzvü olan digər dövlətin, – Azərbaycanın, – torpaqlarını 25 ilə yaxın bir müddət ərzində işğal altında saxlamasına münasibətiniz necədir?
2. Xocalı soyqırımının təşkilatçısı və fəal iştirakçılarından biri olan Sarkisyanın 10 ildən artıq müddət ərzində Ermənistanın yüksək səviyyəli dövlət məmuru, baş nazir, son 5 ildə isə ölkə prezidenti olduğu dövrdə işğala son qoymadan və iki ölkə arasında sülhə nail olmaq istiqamətində heç bir müsbət addım atmadığı təqdirdə yenidən Ermənistanın prezidenti seçilməsini necə qiymətləndirirsiniz?
3. Cənubi Qafqazdakı həssas vəziyyəti nəzərə alaraq, Sərkisyanın Ermənistan prezidenti olduğu dövrdə işğal altında olan Azərbaycan ərazisində Xocalı aeroportunun tikilib istifadəyə verilməsi cəhdlərini necə qiymətləndirmək olar?
4. İşğalçı dövlət Ermənistan 2013-cü ilin iyul ayından etibarən Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik edəcək. Bu dövlətin yuxarıda ağılasığmaz problemlər fonunda daemokratiya, insan hüquqları və hüququn aliliyi kimi Avropa dəyərlərini müəyyənləşdirən, müdafiə və nəzarət edən bir quruma rəhbərlik etməsini necə dəyərləndirirsiniz?
5. Avropa İttifaqı sazişlərə əsasən qorumalı olduğu prinsiplərini birbaşa kobud şəkildə pozan ölkənin rəhbər mövqeyə keçməsinə barmaqarası baxırsa və bunu müzakirə edirsə, Avropa dəyərləri Avropa Parlamenti tərəfindən necə müdafiə olunur?
6. Aİ-Ermənistan Assosiasiya Sazişinə dair danışıqlar necə davam edə bilər və Ermənistan Azərbaycan torpaqlarını qeyri-qanuni işğal atında saxlayarkən, sizin Qurumunuz bu danışıqları necə irəli sürə bilər?
7. Qurumunuzun sülh və demokratiyanı müdafiə etmək missiyası daşıdığını nəzərə alsaq, seçkiləri müşahidə missiyası Ermənistanda keçirilmiş son prezident seçkilərinin olduqca mübahisəli nəticələrinə göz yumursa və kütləvi qırğında və insan hüquqlarını kobud şəkildə pozmaqda təqsirləndirilən, sülh, demokratiya və hüququn aliliyinə hörmətsizlik nümayiş etdirmiş şəxsin yenidən seçilməsini qanuniləşdirirsə, Avropa Parlamenti öz düzgünlüyünü necə müdafiə edə bilər?
8. Ermənistan missiyasında iştirak etmiş AP həmkarlarınızın Azərbaycan ərazilərinə qarşı edilmiş təcavüzə dəstək vermələri kimi şərh edilə bilən bəyanatları gərginliyin artmasına səbəb ola bilirsə, Şərq Tərəfdaşı ölkələrinə qarşı Parlamentin münasibətindəki ikili standartlardan qaçmaq üçün nə planlaşdırırsınız?
9. Əgər bütün Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən geri çağırmaq barədə Avropa Parlamentinin dəfələrlə etdiyi çağırışlara uzun müddət məhəl qoyulmursa, o zaman, cənab Prezident, sizin qurumunuza bu cür əhəmiyyət verməyən dövlətə göstərdiyiniz tolerantlığa və onunla dialoqa necə haqq qazandırırsınız?
Hörmətli Prezident, hörmətli həmkarlar,
Təssüf ki, Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar 18.03.2013-cü il tarixli bəyanatıma heç bir reaksiya olmadı. Lakin ümidvaram ki, Sizə ünvanladığım suallar cavabsız qalmayacaq. Siz demokratiya, insan hüquqları və hüququn aliliyini dəstəkləyərək, qonşu dövlətin ərazisini işğal altında saxlayan işğalçı Ermənistanda keçirilmiş seçkilərə birmənalı münasibət bildirəcəksiniz.
Hörmətlə,
Elxan Süleymanov,
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü
Anar
Teqlər: