Bakıda Mobil Texnologiyaları üzrə Dünya Gənclər Forumu keçirilir
Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, gənclər bu gün müasir texnologiyaya daha çox yanaşmalıdır. Nazir müavininin sözlərinə görə, gənclər bu texnologiyadan daha səmərəli və öz biliklərinin artırılması üçün istifadə etməlidir.
«Bildiyiniz kimi cənab prezident bu ili İKT ili elan edib. İKT ili üçün bu tədbirin əhəmiyyətli olduğunu düşünürəm. Bu gün elə gənclər yetişir ki, onlar nəyinki ölkəmizdə, dünyanın bütün ölkələrində öz sözlərini deyəcəklər. Bundan başqa bu il ərzində bizdə çoxlu tədbirlər olacaq. Burada hədəfimiz gəncləri yeni texnologiya ilə daha ətraflı tanış etməkdir. Bu il məlum olduğu kimi peykmiz orbitə qalxıb. Bu o deməkdir ki, bizim gənclərimiz bu sahə üzrə daha da çox uğurlar əldə etməlidir»-deyə İ.Babayev vurğulayıb.
İnformasiya və Kommunikasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bu il Azərbaycanda mobil telefonların işlədilməsinin 20 ilinin tama olduğunu deyib. Nazir müavini bildirib ki, bu illər ərzində mobil telefonlar daha çox inkiçaf etdi.
«İndi bu dəyişmə prosesi davam edir. Mobil telefonların inkişafı çox sürətlə gedir. Bu baxımdan gənclərimizin bu sahə üzrə daha ətraflı bilik öyrənməsi ölkəmizə öz səmərəsini verəcək».
Tədbirdə çıxış edən digər qonaqlar da bu gün dünyada və ölkəmizdə inkişafda olan mobil rabitədən danışıblar.
Anar