Azərbaycanda Eboladan da təhlükəli virus

Azərbaycanda Eboladan da təhlükəli virus
  11 Sentyabr 2014    Oxunub:11743
Bərdə, Cəlilabad, İmişli və Ağdaş bazarları bağlanıb

Ötən ayın sonlarından başlayaraq Azərbaycanın bir neçə rayonunda heyvanlar arasında “Nodulyar Dermatit” xəstəliyi yayılıb.

Bununla bağlı bir neçə rayonda heyvan satışı bazarları bağlanıb. Bu baxımdan şəhərdə ət kəsimi məntəqələrinin bir çoxları heyvanları Bakı ətrafı rayonlardan alırlar.

Hazırda bu xəstəlik mübarizə necə aparılır? Və bu gediş ət bazarında qıtlığın yaranmasına gətirib çıxara bilərmi?

Bununla bağlı Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzVision.az-a açıqlamasında bildirib ki, iki aydan çoxdur ki, bu xəstəlik ölkəmizdə qeydə alınıb. Onun sözlərinə görə, ilk vaxtlar dörd rayonda qeydə alınan “Nodulyar Dermatit” xəstəliyi, hazırda 10 rayonda müşahidə olunur:

“Bu xəstəlik havaların kəskin istiləşməsi nəticəsində aktiv virus daşıyan həşəratlardan yayılır. Bu günə qədər 2000 başdan çox heyvanda “Nodulyar Dermatit” xəstəliyi qeydə alınıb. Bu heyvanlardan 1700-dən çoxu müalicə olunub, 302 baş heyvan isə hazırda müalicə altındadır. Bu xəstəliyin qarşısını almaq üçün aparılan proflaktik tədbirlər nəticəsində dezinfeksiya və heyvanların çimizdirilməsi tədbirləri həyata keçirilir”.

Y.Xanvəli bildirib ki, “Nodulyar Dermatit” xəstəliyi ötən ayın axırlarında Bərdə, Ucar, Zərdab, Ağdaş rayonlarında xüsusi kritik vəziyyət yaradıb: “Həmin rayonlarda heyvanların yoluxma sayı hər saat artırdı. Bu xəstəliyə qarşı ciddi mübarizə aparmaq üçün həmin rayonlara xüsusi dərmanlar göndərilib. Qısa vaxtda orada dezinfeksiya işləri həyata keçirilib. Heyvanlar xüsusi maddələrlə çimizdirildikdən sonra bu xəstəliyin qarşısı nisbətən alınıb. Havaların nisbətən sərinləməsi və aparılan proflaktik tədbirlər nəticəsində heyvanlar arasında xəstəlik enməyə doğru gedir. Ötən ayın sonları gün ərzində 100-120 heyvanda bu xəstəlik qeydə alınırdısa, hazırda 55-60 baş heyvanda bu xəstəliyə yoluxma qeydə alınıb. Bu günə qədər “Nodulyar Dermatit” xəstəliyindən 20 baş heyvan tələf olub. Tələf olan heyvanlar yalnız adı çəkilən xəstəlikdən deyil, yanaşı xəstəliklərdən də məhv olub. Biz proflaktik tədbirləri davam etdiririk”.

Bu xəstəliyin ət bazarında qıtlığın yaranmasına gətirib çıxarmasına gəlincə, DBX-nin mətbuat xidmətinin rəhbəri bildirib ki, onlar ancaq xəstəlik qeydə alınan rayonlardan heyvan gətirilməsinə məhdudiyyət qoyublar: ““Nodulyar Dermatit” xəstəliyi ilə əlaqədar Bərdə, Cəlilabad, İmişli və Ağdaş bazarında məhdudiyyət tətbiq olunub. Düşünürlər ki, heyvanların miqrasiyası nə qədər az olarsa, sağlam heyvanların bu xəstəliyə yoluxmasının qarşısı alınar. Bu məhdudiyyətin isə mal əti qıtlığına gətirib çıxaracağı ilə razılaşmırıq. Çünki digər rayonlarda kifayət qədər kəsim üçün heyvanlar var. Bundan əlavə respublikamıza Rusiyadan, Ukraynadan və digər ölkələrdən də heyvanlar gətirilir. Bu baxımdan bu cür hallar ət qıtlığına gətirib çıxara bilməz. Bundan əlavə biz Bakı şəhərinə gətirilən ətlərə daima xüsusi nəzarət edirik ki, ölmüş, murdar olmuş heyvanlar gətirilməsin. Buna qarşı ciddi mübarizə aparılır. Bizimlə yanaşı Daxili İşlər Nazirliyinin Karantin Əleyhinə Taboruda burada fəal iştirak edir. Bizim müfəttişlər daima gətirilən heyvanlara və satışda olan ətlərə nəzarət edirlər ki, insanları sağlam ətlə təmin edilsinlər”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti