“Qarabağ münaqişəsinin həllində müsəlman ölkələri bizim yanımızdadır”
Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyən İlham Əliyev vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyinin inkişafı üçün öz rolunu oynayır.
"Azərbaycan 2011-ci ildə böyük səs çoxluğu ilə dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və İslam ölkələrinin dəstəyi xüsusi məna daşıyır. Çünki biz tam əmin idik ki, biz bu dəstəyi qardaş ölkələrdən alacağıq və aldıq. Hazırda ikinci ildir nəinki özümüzü, hesab edirik ki, bütün müsəlman aləmini də BMT Təhlükəsizlik Şurasında təmsil edirik. Digər müxtəlif addımlar atılmışdır. Hesab edirəm ki, bu addımların İslam aləminin birləşməsinə böyük töhfəsi olmuşdur. Biz bundan sonra da bu dəstəyi göstərəcəyik.
Eyni zamanda, bizim haqq işimizi dəstəkləyən bütün müsəlman ölkələrinə öz minnətdarlığımı bildirmək istəyirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim yanımızdadır, bizi fəal dəstəkləyir, haqq-ədaləti dəstəkləyir. Hələ ki erməni işğalından əziyyət çəkən soydaşlarımız kifayət qədər çoxdur", deyə Prezident bildirib.
Dövlət başçısının sözlərinə görə, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb.
"Azərbaycanlılar öz tarixi dədə-baba torpaqlarından didərgin salınmışdır. Bizim bütün tarixi abidələrimiz, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Bu vəhşiliyi təsdiqləyən kifayət qədər faktlar, sənədlər, videosənədlər, fotoşəkillər vardır. Ermənilər azərbaycanlılara qarşı soyqırımı törətmişlər. 1992-ci ilin fevral ayında Xocalı soyqırımı törədilmişdir və 613 nəfər, - onlardan 100-dən çoxu qadın, 63-ü uşaqdır, - erməni soyqırımının qurbanı olmuşdur. Bu, misli görünməmiş vəhşilik idi, bu, erməni faşizminin təzahürü idi.
Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Ancaq əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər. Ancaq hələ ki, bu məsələ öz həllini tapmır. Torpaqlarımızın 20 faizi işğal altındadır və bir milyondan artıq azərbaycanlı bu işğaldan bu gün də əziyyət çəkir.
Mən bütün qardaş ölkələrə bizə göstərilən dəstəyə görə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Əziz qonaqlar, konfransın işinə uğurlar arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız", deyə İlham Əliyev bildirib.
Sonda konfransın işinə bir daha uğurlar arzulayan Prezident İlham Əliyev Azərbaycan haqqında, Azərbaycanda gedən işlər haqqında dediyiniz xoş sözlərə minnətdarlığını bildirib:
“Əminəm ki, Bakı ilə yaxından tanış olmaq üçün sizin imkanınız olacaqdır. Eyni zamanda, onu da qeyd etməliyəm ki, sizin çıxışlarınızda səslənən fikirlər bizim təşkilatımızı daha da sıx birləşdirəcəkdir. Çünki təşkilatımızın təməlində islam aləminin birləşməsi, sıx əməkdaşlıq dayanır.
Əlbəttə ki, qarşılıqlı siyasi dəstək ön planda olmalıdır. Azərbaycan əlindən gələni əsirgəmir ki, bütün müsəlman ölkələri arasında əməkdaşlıq ən yüksək səviyyədə qurulsun. Ölkəmiz bu işə öz tərəfindən töhfəsini verməyə davam edəcəkdir. Eyni zamanda, aramızda olan birliyi möhkəmləndirmək üçün iqtisadi əlaqələr də daha fəal olmalıdır. Bu məsələlərin həllində müvafiq qurumlar, nazirliklər, müştərək birgə komissiyalar öz rolunu oynayır. Əlbəttə, nazirlər səviyyəsində yaradılan təmaslar, əməkdaşlıq, iş birliyi bizim gücümüzü artıracaqdır.
İqtisadi əməkdaşlığa gəldikdə, burada investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutula bilər. Təcrübə mübadiləsi, ticarət dövriyyəsinin artırılması da hesab edirəm ki, birliyimizi daha da möhkəmləndirəcəkdir. Biz bu birliyi müxtəlif amillərlə möhkəmləndirməliyik.
Qeyd etdiyim kimi, siyasi dəstək ön planda olmalıdır. Biz beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini daim dəstəkləməliyik. İkili standartlara qarşı birgə mövqeyimizi ortaya qoymalıyıq. Biz iqtisadi əməkdaşlığı dərinləşdirməklə ölkələrimizdə mövcud olan problemləri - işsizliyi, yoxsulluğu daha asanlıqla həll edə bilərik. Yəni, qarşılıqlı dəstək bu deməkdir, həm siyasi, həm iqtisadi dəstək. Eyni zamanda, hesab edirəm ki, hər birimiz üçün çox ağrılı problem bəzi ölkələrdə artan islamofobiya meyilləridir, islama qarşı mənfi münasibətin formalaşdırılmasıdır. Tam əminliklə deyə bilərəm ki, bu münasibət qəsdən formalaşdırılır. İslam ölkələrini mənfi şəkildə təqdim etmək üçün böyük kampaniyalar aparılır. Biz də öz tərəfimizdən, ilk növbədə, bu kampaniyaya tutarlı cavabımızı verməliyik.
Son illər ərzində İslam Əməkdaşlıq Təşkilatı dünya miqyasında çox böyük nüfuza malik olan təşkilata çevrilmişdir. Müsəlman ölkələrində təhsil, səhiyyə, sosial məsələlər daha da sürətlə həll edilməlidir. Burada iqtisadi əməkdaşlıq ön plandadır. Çünki bu əməkdaşlıq hesabına ölkələrimiz daha da böyük uğurlara nail ola bilərlər.
Bir daha sizi ürəkdən salamlayıram və sizə ən xoş arzularımı çatdırıram".