Obamayla Ərdoğanın “Qafqaz gündəliyi” – TƏHLİL

  25 Aprel 2013    Oxunub : 653
Obamayla Ərdoğanın “Qafqaz gündəliyi” – TƏHLİL
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mayın 16-da Amerikaya rəsmi səfəri və prezident Barak Obama ilə görüşü planlaşdırılıb. “CNN Turk”ün məlumatına görə, Ərdoğan ilk dəfə olaraq, Amerikanın yüksək səviyyəli qonaqları üçün nəzərdə tutulmuş “Blair House”da qalacaq və Barak Obama ilə görüşləri də elə məhz bu sarayda gerçəkləşəcək.

Amerikanın yeni xarici siyasi prioritetləri üzə çıxdıqca, Obama ilə Ərdoğanın əsas müzakirə mövzularının əhatə dairəsi barədə müəyyən ehtimallar irəli sürmək olar. Obamanın növbəti prezidentlik müddətində xarici siyasətdə yenə də əsas ağırlıq Yaxın Şərq regionuna veriləcək. Təbii ki, Türkiyə Amerikanın Yaxın Şərq siyasətində aparıcı rola malik olduğu üçün liderlərin bu istiqamətdə görüləcək işləri razılaşdıracaqları şübhəsizdir.

Onu da qeyd etmək lazımdır ki, növbəti dördillikdə Amerikanın aktiv xarici siyasət arenası müəyyən qədər genişlənəcək, bura Yaxın Şərqlə yanaşı, Qafqaz regionu da əlavə olunacaq. Bu istiqamətdə də aparıcı rolun Türkiyəyə veriləcəyini ABŞ-ın dövlət katibi Kerrinin bəyanatlarından anlamaq olar. Kerri artıq ikinci dəfə Dağlıq Qarabağ və Kipr problemləri kimi donmuş münaqişələr barədə söz açıb və bu konfliktlərin həllinin vacibliyini vurğulayıb. Konfliktlərin həllində isə Ankaranın köməyinin əhəmiyyət daşıdığını deyib.

Yaxın Şərqdə Amerikanın əsas başağrı mənbəyi İrandır. İranın zəiflədilməsi və asılı vəziyyətə gətirilməsi üçün isə Qafqaz regionunun xüsusi önəmi var. Belə ki, İranın cənubundakı qonşularından dəstək gözləməsi və birgə fəaliyyətə girişməsi artıq mümkünsüzdür. Çünki Səudiyyə Ərəbistanı Amerika ilə tərəfdaş və sünni dövlətdir, İraq ABŞ-ın işğalı altında, Suriya isə dağılmaq ərəfəsindədir. Qərb qonşusu Türkiyə Amerikanın tərəfdaşıdır. Şərq qonşuları Əfqanıstan işğal altında, Türkmənistanın isə nə qaza nə də neftə ehtiyacı yoxdur və Tehranla Vaşinqtona qarşı birləşmək fikrində deyil. Yeganə Pakistan - son dövrlərə qədər Amerikanın regiondakı əsas tərəfdaşı hesab olunsa da, hakimiyyətdəki boşluqlar ölkənin konkret strateji xəttinin itməsinə gətirib çıxarıb. Bu boşluqdan istifadə edən İran dərhal Pakistana qaz kəmərinin çəkilişi haqqında müqavilə imzalayıb. Lakin hələ ki, daxili siyasi vəziyyəti qeyri-sabit olan Pakistandan etibarlı tərəfdaşlıq gözləmək sadəlövhlükdür.

Nəhayət, gələk İranın şimalında yerləşən Qafqaz regionuna və burada İranla həmsərhəd olan Azərbaycan və Ermənistana. Bilindiyi kimi, Qərbə gedən əsas enerji xətlərinin Qafqazdan keçməsi bu regionun əhəmiyyətini artıran faktordur. Digər tərəfdən, Qafqaz regionu İranın müdaxilə etməsi baxımından münbit region hesab oluna bilər. Çünki regionda İran və Rusiyanın Ermənistan kimi sadiq tərəfdaşı var. Eyni zamanda nəzarətsiz işğal ərazilərinin mövcudluğu regionun təhlükəsizliyinə maneə yaradan əlavə amildir. Qafqazdakı münaqişələrin öz həllini tapmaması, yəni faktiki nəzarətsiz zonaların təminatçısı kimi isə Rusiya çıxış edir.

Qafqaz Rusiyanın İran vasitəsilə Yaxın Şərqə yeganə təsir rıçaqıdır, və Qafqazın Qərb koalisiyasının nəzarətinə keçməsi Yaxın Şərqin Rusiyadan ayrılması anlamına gəlir. Belə olan halda, İran mühasirə vəziyyətinə düşür və manevr etmə imakanları demək olar ki, tükənir.

Qeyd olunanları nəzərə alaraq, ehtimal etmək olar ki, Amerika, Türkiyə və İsrail ilk növbədə Azərbaycanın və Gürcüstanın hərbi potensialının artırılmasına dəstək göstərəcək.

Bundan əlavə Qafqazdakı donmuş münaqişələrin həlli üçün, Amerikanın fəallığını artıracağını gözləmək olar. Lakin bu məsələdə real nəticənin əldə olunması üçün Rusiya faktoru nəzərə alınmalıdır. Vaşinqtonun bunun üçün Rusiya ilə hansısa formada əməkdaşlıq etməsi və Türkiyənin vasitəçiliyi ilə konsensusa gəlməsi lazımdır. Yeri gəlmişkən, Bostonda milliyətçə çeçen olan şəxslər tərəfindən törədilmiş terror aktı Rusiya ilə Amerikanın “Qafqazda terrorçuluqla birgə mübarizə” aparmaları üçün uğurlu səbəb sayıla bilər. Artıq prezident Putin hadisənin araşdırılması üçün Amerikaya kömək təklif edib.

Tofiq Əsgərov

Teqlər: