`Mişa`nın dostluğu, İvanişvilinin ikiüzlü siyasəti...

`Mişa`nın dostluğu, İvanişvilinin ikiüzlü siyasəti...
  05 Avqust 2014    Oxunub:3517
“Azərbaycan olmasaydı Gürcüstan süqut edəcəkdi”

Ötən günlərdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili rəsmi Tiflis ilə Bakı arasındakı münasibətlərin yaxşı olmadığını bildirib. O, qeyd edib ki, Gürcüstan Azərbaycanın əleyhinə Rusiya poliqonuna çevrilib.

AzVision.az-a Saakaşvilinin bu açıqlamasını politoloq Qabil Hüseynli şərh edib.

Onun sözlərinə görə, sabiq prezidentin dövründə Bakı ilə Tiflis arasında münasibətlər həmişə yüksək səviyyədə olub, hazırki münasibət ilə heç də ürəkaçan deyil.

“Saakaşvili Azərbaycanın yaxın dostudur və onun dövründə Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədə olub. Elə bu səbədən də Rusiya hücum edəndə, Azərbaycan Gürcüstana hərtərəfli yardım etdi. Hətta Saakaşvilinin təbirincə desək, onun dövlətçiliyinin süqutuna imkan vermədi. Biz onlara elə yardımlar etdik ki, Gürcüstan dövləti bəlkə də Azərbaycanın köməyi olmasa idi, süquta uğraya bilərdi”.

Q.Hüseynli bildirib ki, hazırda Gürcüstan Azərbaycanın problemlərinə laqeyd yanaşır:

“İndi Gürcüstan tərəfi Azərbaycanın problemlərinə, xüsusilə Azərbaycan-Ermənistan müharibəsinə çox neytral yanaşır. Məsələn, indi qəzetlərdə yayılıb ki, İvanişvili, bir küncə çəkilərək və dövlətin idarəçiliyini əlində saxlayaraq, Rusiyanın KQB-sinin yüksək rütbəli məmuru ilə görüşüb. Bu görüş bölgədəki hadisələrlə bağlı olub. İndi bunun nə dərəcədə doğru olub-olmamasının üzərində dayanmaq istəmirəm”.

Politoloq Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin cəbhədəki olaylarla bağlı tərəfləri atəşkəsə çağırmasını gülünc adlandırıb:

“Amma hər halda son hadisələrlə bağlı Gürcüstan tərəfinin, xüsusilə prezident Marqvelaşvilinin verdiyi bəyanat və tərəfləri atəşkəsə səsləməsi çox gülməli görünür. Yəni Rusiya Gürcüstana hücum edəndə biz tərəfləri atəşkəsə çağırmadıq, biz onlara qaz, enerji verirdik, eyni zamanda lazım olan maddi vəsaiti verirdik. İndi isə Gürcüstan prezidenti, tarix müəllimi olan Marqvelaşvili inanmıram ki, Azərbaycana indiki şəraitdə necə hərəkət edəcəyi barədə məsləhətlər vermək intellektinə sahib olsun. Və bu nöqteyi-nəzərdən də onların bu davranışları, məsələlərə münasibəti, təcavüzkar və təcavüzə məruz qalana eyni cür münasibəti bəsləməsi əlbəttə ki, təəccüb doğurur. Bu bir növ Saakaşvilinin dediklərini təsdiq edir”.

Qabil Hüseynli bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır: “Gürcüstan dövlətinin son dövrlərdəki Azərbaycana qarşı qədirbilməz hərəkətləri etiraz doğurmalıdır. Müəyyən qədər də müşahidə etdikdən sonra, bu barədə yəqin ki, lazım olan mövqeyimizi formalaşdıracağıq”-deyə, politoloq əlavə edib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti