İlham Əliyev iranlı naziri qəbul edib I YENİLƏNİB

   İlham Əliyev iranlı naziri qəbul edib  I YENİLƏNİB
  08 Aprel 2025    Oxunub:1079
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib.
Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını deyib.

Dövlət başçısı Fərzanə Sadiqinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd edib.

Qonaq ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamları İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiqi xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğulayıb.

Qonaq qeyd edib ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib.

AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti