Naməlum qardaş onu izləyir | VIDEO

// Sirli dronlar 3 gündür ABŞ-ı təşvişdə saxlayırlar

   Naməlum qardaş onu izləyir  | VIDEO
  15 Dekabr 2024    Oxunub:1920
ABŞ-nin şərq sahili təşviş içindədir: əhali strateji obyektlərin üzərində onlarla dronun dövrə vurduğunu müşahidə etsə də, nə baş verdiyinə aydınlıq gətirən yoxdur. Yaranan vəziyyəti bəziləri bir neçə il qabaq Çinə məxsus hava şarının ölkənin üzərində maneəsiz şəkildə uçması ilə müqayisə edir.

Nyu-York, Nyu-Cersi, Konnektikut, Pensilvaniya, Merilend və digər ştatlarda müşahidə olunan dronlar təkcə əhalini yox, yerli hakimiyyət orqanlarını da narahat edir. Amma onların da sorğusuna cavab verən yoxdur.


Dronlar həvəskar deyil, peşəkar aparatlardır. Yerli orqanlara məxsus vasitələrdən asanlıqla yayına bilirlər. Onlar əvvəlcə kritik infrastrukturun üzərində peyda olublar. Nyu-Cersinin polis rəisi Cozef Orlando bilidirib ki, avtomobil boyda olan naməlum PUA-lar gün batan kimi okean istiqamətindən uçub gəlirlər.

Dekabrın 12-də prezident Co Baydenə yazdığı məktubda Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi bildirib ki, ya fövqəladə vəziyyət elan olunmalı, ya da dronların qarşısı alınmalıdır.


Yeni seçilmiş prezident Donald Tramp naməlum PUA-ları dərhal vurmağa çağırıb. “Əgər bu, bizim hökumətin işidirsə, ictimaiyyətə məlumat verilsin. Əks halda vurun onları!!!”, - yeni prezident özünə məxsus “Truth Social” şəbəkəsində yazıb.

Jurnalistlər isə xatırlayıblar ki, naməlum dronlar ABŞ-nin Almaniya və Britaniyadakı bazalarının üzərində də qeydə alınıb. “The Telegraph” yazır ki, hadisənin baş verdiyi Leykenhit bazasında ABŞ-ın nüvə silahı saxladığı istisna deyil.

“Der Spiegel” iddia edir ki, dronlar dekabrn 3 və 4-də Rammştayndakı “Rheinmetall” korporasiyasına məxsus silah istehsalı müəssisələrinin üzərində də görülüblər.


FBI və Daxili Təhlükəsizlik Nazirliyi yaydıqları birgə bəyantda PUA-ların xarici ölkələrə məxsus olması və milli təhlükəsizliyə hansısa şəkildə hədə yaratmasına dair heç bir sübutun olmadığını qeyd ediblər. Amma bu bəyanat ictimaiyyəti və medianı qane etməyib. “Fox News”un aparıcı Marta Makkallum efirdə bildirib ki, naməlum PUA-larla bağlı vəziyyət Amerikanın xüsusi xidmət orqanlarının nüfuzuna kölgə salır.

“Fox News” ekspertlər arasında keçirdiyi sorğuya əsasən belə qənaətə gəlib ki, söhbət ABŞ hakimiyyətinin hansısa gizli proqramından getmir. Bu halda çətin ki, dronlar hərbi bazaların və gizli obyektlərin üzərində uçardılar.

Bəzi yerlərdə əhali fərdi silahları ilə dronları vurmağa çalışıb, amma müvəffəq olmayıblar.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   Dron   PUA  





Xəbər lenti