"Google Chrome" tarixə çevrilir?

   "Google Chrome" tarixə çevrilir?
  13 Dekabr 2024    Oxunub:1116
ABŞ Ədliyyə Nazirliyi "Google" şirkətinə qarşı antitrest iddiası çərçivəsində mühüm qərar qəbul edib.
AzVision.az xəbər verir ki, şirkətin axtarış bazarındakı monopoliyasını pozduğu iddiaları əsasında, nazirlik "Google"ın "Chrome" brauzerini satmağa məcbur edilməsini məhkəmədən tələb edəcək.

"Bloomberg" agentliyinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, nazirlik eyni zamanda, "Google"ın süni intellekt texnologiyası və "Android" əməliyyat sistemi ilə bağlı digər tədbirlər görməsini də tələb edəcək. Bu tələb, avqust ayında məhkəmə tərəfindən "Google"ın axtarış bazarında qanunsuz monopoliyaya yol verdiyi qərarı əsasında irəli sürülüb.

Mütəxəssislər bildirir ki, bu addım "Google"ın axtarış bazarındakı hökmranlığını zəiflətmək məqsədi daşıyır. Əgər məhkəmə nazirliyin tələblərini təsdiqləyərsə, "Google" rəqiblər qarşısında öz mövqeyini itirə bilər.

ABŞ-da federal hakim Amit Mehta avqust ayında "Google"ın internet axtarışı və reklam bazarında qanunsuz monopoliya yaratdığına qərar verib. Bu qərar, internet texnologiyaları sahəsində əhəmiyyətli bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

Hakim Mehta, öz qərarında belə qeyd edib: "Məhkəmə şahidlər və sübutlar üzərində apardığı detallı araşdırma nəticəsində belə bir nəticəyə gəlib. "Google" monopoliya sahibidir və bu mövqeyini qorumaq üçün addımlar atıb. Bu, Şerman Qanununun 2-ci maddəsini pozur".

Bu qərar, "Google"ın bazardakı dominant mövqeyinə qarşı hüquqi tədbirlərin artırılacağının göstəricisidir. ABŞ Ədliyyə Nazirliyinin də "Google"un bəzi məhsullarını, o cümlədən "Chrome" brauzerini satmağa məcbur etmək üçün məhkəməyə müraciət etməsi bu kontekstdə atılan mühüm addımlardan biridir.

Açıqlamada, "Google"un son 15 ildə reklam texnologiyası ilə bağlı rəqiblərini satınalmalar yolu ilə zərərsizləşdirdiyi və ya ortadan qaldırdığı, şirkətin rəqəmsal reklam bazarındakı hökmranlığından istifadə edərək daha çox nəşriyyatı və reklamçıları öz məhsullarından istifadə etməyə məcbur etdiyi və rəqib məhsulların istifadəsinin qarşısının alındığı bildirilib.

Açıqlamada "Google"un sektordakı üstünlüyünü gücləndirdiyi və şirkətin rəqabətə zidd davranışlarının məzmununa da yer verildiyi də qeyd edilib.

ABŞ Ədliyyə Departamenti 2020-ci ildə axtarış və axtarış reklamlarını monopoliya altına aldığı üçün "Google"a qarşı antiinhisar iddiası qaldırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti