Moskva Vaşinqtonu “soyğunçuluq” da günahlandırıb

   Moskva Vaşinqtonu    “soyğunçuluq”   da günahlandırıb
  12 Dekabr 2024    Oxunub:858
Moskva ABŞ-nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya 20 milyard dollar kredit ayırmaq qərarını “soyğunçuluq” adlandırıb.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirliyi bunun cavabında Moskvanın öz yurisdiksiyası altındakı Qərb aktivlərini ələ keçirmək imkanları olduğunu bildirib.

“ABŞ-nin Maliyyə nazirliyi dekabrın 10-da Kiyev rejiminə müflis olan Zelenski dəstəsini dəstəkləmək üçün daha bir kredit ayırdığını elan etdi. Bu qrupun amerikalılardan “dondurulmuş” suveren aktivlərin idarəçiliyindən əldə edilən gəlir zəmanəti ilə 20 milyard dollar alması əslində G7 ölkələri tərəfindən Rusiyadan oğurlanmış vəsaitlərin bayağı soyğunçuluq aktıdır”, - Rusiya XİN-in bəyanatında vurğulanır.

Bəyanatda bildirilir ki, mədəni adlandırılan hər hansı bir dövlətin cinayət qanunvericiliyində belə bir əməl cinayətkar birliyin bir hissəsi kimi qabaqcadan sui-qəsdlə törədilmiş oğurluq kimi təsnif edilir.

- Sadəcə, G7 başqalarının pullarını oğurlayır, Rusiyanın Qərbdə saxladığı bütün suveren ehtiyatlarını ələ keçirməyə və xərcləməyə zəmin yaradır. Heç bir psevdo-leqal hiylə cavabsız qalmayacaq. Cavab addımı kimi Rusiyanın öz yurisdiksiyası altında olan Qərb aktivlərini ələ keçirmək üçün kifayət qədər imkanları və təsir rıçaqları var. Bu halda həmin aktivlərdən Rusiya regionlarında sənaye potensialının yaradılması və infrastruktur layihələrinin həyata keçirilməsi üçün istifadə olunacaq”, - Rusiya XİN-i xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Xəzinədarlığı Ukraynaya 20 milyard dollar kredit ayıracağını və bu kreditin Rusiyanın dondurulmuş aktivlərindən götürüləcək gəlirlə ödəniləcəyini açıqlamışdı.

ABŞ-nin Maliyyə naziri Canet Yellen isə G7 ölkələrinin dondurulmuş Rusiya aktivlərinin idarəçiliyindən alınacaq gərlirlər hesabına Ukraynaya kreditlər ayırmaq qərarının Donald Trampın prezidentlik vəzifəsini icra etməyə başlamasından sonra da qüvvədə qalacağına ümid bəslədiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti