Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyənləşəcək

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyənləşəcək
  21 Oktyabr 2024    Oxunub:538
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik ediləcək.
AzVision.az xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 21-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində hazırlanıb və spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur.

Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt, eyni zamanda, qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir.

Qanun layihəsinə əsasən:


• alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək;

• minimum qiymətin müəyyən edilməsi məqsədilə müvafiq qayda təsdiq ediləcək;

• pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.


Qanun layihəsi alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcəkdir.
AzVision.az



Teqlər:





Xəbər lenti