Türkiyə SWIFT sistemindən çıxarıla bilər

Türkiyə  SWIFT sistemindən  çıxarıla bilər
  08 Oktyabr 2024    Oxunub:5739
ABŞ Türkiyəni Rusiya ilə aktiv ticarət əməkdaşlığına görə beynəlxalq SWIFT ödəniş sistemindən çıxarmaq və ümumilikdə dollarla ödənişləri kəsməklə hədələyir. Bu barədə Türkiyənin "Vatan" partiyasının sədr müavini Hakan Topkurulu məlumat yayıb.
Siyasətçi təklif edib ki, bu təhdidlərin yumşalması üçün rəsmi Ankara Moskva ilə ticarəti azaltmalıdır. O, Türkiyənin ticarətin böyük hissəsini Amerika valyutası ilə apardığını da xatırladıb.

“Türkiyə Vaşinqtonun təzyiqinə qarşı çıxa bilməz. Ölkəmiz ərzaq və dərman istisna olmaqla, Rusiya ilə ticarəti azaltmağa başlayır”, - Hakan Topkurulu qeyd edib.

"Mir"+"Şetab": Rusiya və İran “SWIFT”ə alternativ yaratmaq istəyirlər
Bundan əvvəl məlum olub ki, ABŞ bu ilin sentyabr ayının ortalarından Türkiyə və Rusiya tərəfindən həyata keçirilən bank əməliyyatlarına nəzarəti kəskin şəkildə gücləndirib. Bundan sonra ikitərəfli ödənişlərlə bağlı vəziyyət pisləşməyə başlayıb.

Xatırladaq ki, avqustda "Financial Times" qəzeti ABŞ-nin Türkiyəni Rusiyaya texnoloji məhsulların ixracına görə sanksiyalarla hədələdiyini yazmışdı. Məqalədə qeyd edilib ki, Vaşinqton Ankaranın Rusiya Federasiyasına Qərb istehsalı olan elektronikaların tədarükü üçün əsas kanala çevrilməsindən narahatdır.

Məsələni AzVision.az -a şərh edən politoloq Qabil Hüseynli deyib ki, yayılan xəbərlər hələlik təhdid xarakterli informasiya olsa da, yaxın vaxtlarda Ankaraya real iqtisadi təzyiqlərin göstərilməsi gözləniləndir. Ekspert Vaşinqtonun Türkiyəni SWIFT ödəniş sistemindən məhrum etməsini mümkün sayır.


"Artıq dünyada heç nə mümkünsüz görünmür. Amma burada bir sıra ciddi siyasi və geosiyasi məqamlar var. Qərbdə də gözəl anlayırlar ki, Türkiyə kimi güclü dövləti bu beynəlxalq ödəniş sistemindən uzaqlaşdırmaq asan məsələ deyil. Türkiyə həm Avropa, həm ABŞ-yə yaxın bir ölkədir, həm də bütün dünyada iqtisadi-siyasi proseslərə ciddi şəkildə təsir edə bilən bir güc mərkəzinə çevrilir. Əgər belə bir radikal addım atılsa, qardaş ölkədə baş verəcək iqtisadi itkilər nəinki regiona, ümumilikdə bütün dünyaya təsir edə bilər", - ekspert qeyd edib.

Qabil Hüseynli deyib ki, Türkiyə iqtisadiyyatının Almaniya, İngiltərə, Asiya, Afrika hətta Cənubi Amerika ilə sıx şəkildə bağlı olmasını sübut edən onlarla fakt var: "Bu sərt qərarı verəcək şəxslər belə amilləri yəqin ki, nəzərə alıblar. Almayıblarsa, o zaman məlum təhdidin reallaşması bütün dünyanın maliyyə damarlarını kəsən bir hərəkətə çevriləcək. Bir sözlə, şəxsən mən belə bir radikal addımın atılacağına inanmıram".

Politoloq artan hədələrə görə Ankaranın Moskva ilə ticarəti azaltmaq ehtimalını da real sayıb. Əgər ciddi təhlükələr olacaq və bu təhdidlər real əmələ çevrilməyə başlayacaqsa, Türkiyə ticari əlaqələrin zəifləməsi istiqamətdə müəyyən addımlar ata bilər: "Türklər nəinki Rusiya ilə, lazım gəlsə, Çin ilə də ticarəti azalda bilərlər. Ona görə də, Ankarada oturanlar Kremlin iqtisadi mənafeləri xatirinə öz strateji maraqlarını tapdalamaz. Onlar Mosvaya görə öz maliyyə maraqlarının üstündən qalın bir xətt çəkməzlər. Amma indiki mərhələdə Türkiyənin Vaşinqtonun təzyiqlərinə qarşı çıxmaq üçün müxtəlif manevrlər edəcəyini proqnozlaşdırıram".

Tural Tağıyev
AzVision.az


Teqlər:   Rusiya   Türkiyə   ABŞ   Təhdid  





Xəbər lenti