Zərif çiyinlərdəki yük: Təhsil sağlamlıq bahasına olmamalıdır

 Zərif çiyinlərdəki yük:  Təhsil sağlamlıq bahasına olmamalıdır
  06 Oktyabr 2024    Oxunub:3546
Artıq məktəb mövsümü başlayıb. Hər il olduğu kimi bu il də ən aktual mövzulardan biri məktəb çantalarının ağırlığıdır. Belə ki, ibtidai sinif şagirdlərinin çantası 10 kiloya yaxındır. Bir çox valideynlər deyir ki, məktəb çantası ağır olduğundan övladlarını dərsə özləri aparıb-gətirməli olurlar.
Maraqlıdır, problemin çıxış yolu nədir? Dərsliklərin sayını azaltmaq olarmı?

Təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli AzVision.az -a bildirib ki, dərsliklərdən əlavə iş dəftərləri məktəblinin çantasının ağır olmasına gətirib çıxarır:

"Ümumiyyətlə, təhsilin keyfiyyəti ilə seçilən ölkələrdə dərsliklər və dərs vəsaitlərinin əksəriyyəti məktəbdə saxlanılır. Şagird tədris prosesinin ən önəmli hissəsini təhsil ocağında yerinə yetirdiyi üçün evə dincəlməyə gedir. Bizdə isə proqram ağır, vəsaitlər çox, vaxt isə məhduddur.

Təhsil sistemi yenidən qurulmalıdır ki, bir sıra problemlər öz həllini tapsın. Hazırki vəziyyətdə isə iş dəftərlərini məktəbdə saxlamaq, dərsliklərin əvəzinə ağıllı lövhələrdən istifadə xeyli yüngüllüyə şərait yarada bilər".

Təhsil eksperti Kamran Əsədovun fikrincə isə, valideynlər çantaların yaşa uyğun olub-olmadığına fikir verməlidirlər.

"Bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Seçim düzgün olmayanda yük birtərəfli qaydada bir çiyni üstə düşur və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır. Bu gün təkcə dərs oxumaq yox, həm də dərslikləri daşımaq müşkülə çevrilib.

Əksər hallarda aşağı sinif şagirdlərinin çantasını valideynlərinin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.

Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır".

Ekspert mövzu barədə beynəlxalq təcrübədən və qəbul olunan prinsiplərdən də danışıb:

"Çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kq (içindəkilərlə birlikdə), 8-12 yaşınadək uşaqlar ən çox 4 kq, 12-15 yaş uşaqlar isə 5 kq ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır.

Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbəttə, bu, 1-ci sinif şagirdi üçün çoxdur.

Çıxış yolu kimi çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir.

Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. Orada həftənin 5-ci günü şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Amma çıxış yolu rüblüklər üzrə dərsliklərin hazırlanması ola bilməz. Ona görə ki, indi əvvəlki kimi 4 rüb yoxdur, 2 rüb var. Bundan başqa mövzulararası əlaqə pozulur.

Çünki hər 4 həftədən bir keçirilən Kiçik Summativ Qiymətləndirmə (KSQ) və rübün sonunda keçirilən Böyük Summativ Qiymətləndirmə (BSQ) imtahanlarında şagirdlər əvvəlki mövzuları da təkrarlamalı olurlar. Əgər həmən vəsaitlər onların yanında olmsa, bu zaman onlar əvvəlki dərsləri təkrar edə bilməyəcək. Amma şagirdlərə verilən dərsliklər iki nüsxə olsa, birini evdə, digərini məktəbdə saxlasalar, o zaman onlar ağır kitabları daşımazlar.

Elm və Təhsil Nazirliyi nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verib. Bu, olduqca müsbət bir addımdır. Çünki şagirdlərin daşıdıqları çantalar həqiqətən də çox ağırdır.

Çantanın ağır olmasına 4 amil təsir göstərir:

1.Çantanın özünün çəkisi
2.Çantaya qoyulan dərsliklər
3.Çantaya valideiynlər tərəfindən qoyulan qida, su ehtiyatı
4. Köməkçi və əlavə dərs vəsaitləri, ləvazimatları.

Kitabın yüngülləşdirilməsi hansı formada həyata keçirilə bilər?

1.Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma bu halda dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu, iqtisadi baxımdan da sərfəli deyil. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır.

2.Dərsliyin yazı şriftlərini kiçiltməklə həcminin azaldılması. Bundan ümumiyyətlə istifadə etmək olmaz. Onsuz da orta məktəblərdə təhsil alan şəgirdlərin 65 faizində görmə problem var və bu addımın atılamsı daha ciddi fəsadlar yarada bilər.

3.Dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi. Bu da fikirlər arasında əlaqəni itirə bilər və mətnin məzmunu yoxa çıxa bilər. Dərsliyin çəkisinin azaldılması istiqamətində atılmalı ən zəruri addımların biri odur ki, dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın və şagirdlər çantalarında dərslik daşımasınlar. İkincisi dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılsın, əlavə, lazımsız mövzulara ehtiyac yoxdur".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: məktəb   çanta   dərslik  





Xəbər lenti