SOCAR ilə bp arasında memorandum imzalanıb

SOCAR ilə bp arasında memorandum imzalanıb
  20 Sentyabr 2024    Oxunub:485
20 sentyabr 2024-cü il tarixində “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bp arasında “Qarabağ” neft yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” sahəsinə dair Anlaşma Memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf “Əsrin müqaviləsi”nin 30-cu ildönümündə SOCAR ilə bp arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığı daha da genişləndirəcək Anlaşma Memorandumunun imzalanmasından məmnunluğumu ifadə edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə otuz il öncə imzalanan “Əsrin müqaviləsi”nin ölkəmizin enerji sektorunda əldə etdiyi tarixi
uğurların əsasını qoyduğunu bildirən Rövşən Nəcəf Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyasına uyğun olaraq, Xəzər dənizində enerji sektoru üzrə tərəfdaşlığın genişləndirilməsi, innovasiyaların tətbiqi ilə davamlı inkişafın təmin olunması istiqamətlərində fəaliyyətlərin davam etdirildiyini diqqətə çatdırıb.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz şirkətlər arasında imzalanan Anlaşma Memorandumunun önəmini qeyd edərək bu sənədin SOCAR ilə 30 illik uğurlu tərəfdaşlığın davamı olaraq birgə işləməyə imkan verəcək növbəti vacib addım olduğunu bildirib.

Qeyd edək ki, “Qarabağ” neft yatağı Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km aralıda, suyun 150-200 metr dərinliyində yerləşir. Yatağın işlənməsi ilə bağlı 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş mövcud Risk Xidməti Sazişi (RXS) mövcuddur.

“Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsi Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşir. Sahəni bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud Saziş (HPBS) var.

AzVision.az


Teqlər: SOCAR  





Xəbər lenti