Moskva BMT-də islahatları dəstəkləyir, amma...

   Moskva BMT-də islahatları dəstəkləyir,    amma...
  25 Sentyabr 2024    Oxunub:273
Rusiya Hindistanın, Braziliyanın və Afrika ölkələrinin hesabına BMT Təhlükəsizlik Şurasının üzvlərinin artmasının əleyhinə deyil.
AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çoxqütblü dünya nizamının yaradılması və saxlanması səylərinin bir hissəsi olaraq Hindistan, Braziliya və Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına daimi üzv kimi qoşulmaq üçün qanuni istəklərini Moskvanın dəstəkləyəcəyini bildirib.

“İnkişaf etməkdə olan ölkələr Təhlükəsizlik Şurasında kifayət qədər təmsil olunmurlar. Ona görə də biz həmişə qeyd etdiyimiz kimi, Hindistan və Braziliyanın Təhlükəsizlik Şurasında oturmaq marağı və qanuni istəyini dəstəkləyirik. Ancaq eyni zamanda Afrika istəkləri də təmin olunmalıdır. Afrikada hörmət etdiyimiz ümumi kollektiv mövqelər var. Lakin yeni yerlərin əlavə edilməsi çətin prosesdir və onun “tələsik şəkildə tamamlanması” üçün heç bir perspektiv görmürəm”, - Rusiya XİN-in rəhbəri deyib.

Sergey Lavrov, həmçinin Moskva və Pekinin BMT TŞ-nin islahatının “təhlükəli oyunlara” çevrilməsinə imkan verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzi ölkələr BMT Baş Assambleyasında səsvermə üçün Təhlükəsizlik Şurasında islahatlar prosesini sürətləndirirlər. Bu dəyişikliklərin həyata keçirilməsi təşkilata üzv ölkələrin 2/3-nin təsdiqini tələb edəcək, lakin Moskva və Pekin BMT-ni parçalamaq əvəzinə ümumi razılığa nail olmaq istəyirlər.

- Bu o deməkdir ki, onlar elə bir addım atmaq istəyirlər ki, uğurlu alınacağı halda, bu, hörmət edilən ölkələrin 1/3-i bu islahatdan kənarda qalmasına gətirib çıxaracaq. Onlar üçün isə bu 1/3-ə görə birdən belə qərar qəbul olunarsa, Təhlükəsizlik Şurasının legitimliyi güclənməyəcək, əksinə zəifləyəcək. Ona görə də bunlar çox təhlükəli oyunlardır”, - Lavrov məsələ ilə bağlı Moskvanın mövqeyini açıqlayıb.

Onun sözlərinə görə, Rusiya və Çin hesab edir ki, heç kimə heç bir qərarı sırımağa imkan verməmək, ümumi saziş hazırlamaq lazımdır. Bu məsələdə isə tələskənlik yersizdir, çünki Təhlükəsizlik Şurasında islahatların aparılması mövzusu ətrafında milli maraqlar toqquşur.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, ABŞ hakimiyyəti BMT Təhlükəsizlik Şurasını lazımsız yük kimi qəbul edir və Vaşinqton çoxtərəfli diplomatiyaya da eyni cür yanaşır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lavrov   BMT   islahatlar  





Xəbər lenti