Blinken Ukrayna üzrə sülh planlarını tənqid edib

   Blinken Ukrayna üzrə sülh planlarını tənqid edib
  25 Sentyabr 2024    Oxunub:304
ABŞ-nin Dövlət katibi Antoni Blinken digər ölkələrin Ukraynada gərginliyin azaldılmasını nəzərdə tutan sülh planlarını tənqid edib.
AzVision.az xəbər verir ki, Antoni Blinkenin fikrincə, bu cür təkliflərin həyata keçirilməsi dünyadakı potensial təcavüzkarları ruhlandıracaq.

“Digər ölkələr öz təkliflərini verdilər. Onların bəziləri BMT Nizamnaməsini və onun müddəalarını ehtiva etmir, təcavüzkarla təcavüzə məruz qalanlar arasında heç bir fərq qoymur, bütün tərəfləri gərginliyi azaltmağa çağırırlar”, - Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə yığıncağında həmin planlara iradını bildirib.

Onun sözlərinə görə, “dünyadakı potensial təcavüzkarları ruhlandıracaq” bu cür təkliflərin həyata keçirilməsi Ukrayna üçün yox, Rusiya üçün faydalıdır.

- Tarix bizə öyrədir ki, prinsipsiz sülh yeni münaqişənin, yeni əzabların və daha böyük qeyri-sabitliyin müqəddiməsidir”, - ABŞ-nin Dövlət katibi iddia edib.

Lakin Antoni Blinken çıxışında hansı ölkələri nəzərdə tutduğunu dəqiqləşdirməyib. Qeyd edək ki, Braziliya prezidenti Luis İnasio Lula da Silva BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirələrində çıxışı zamanı öz ölkəsi ilə Çinin hazırladığı altı bəndlik planın Ukraynadakı münaqişəni həll edəcəyini deyib.

Bu ilin may ayında Çinin Xarici İşlər naziri Van İ ilə Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim arasında məsləhətləşmələrdən sonra dərc olunan birgə bəyanatda bildirilir ki, Ukrayna böhranının həlli üçün yeganə yol dialoq və danışıqlardır. Çin və Braziliya, həmçinin bütün tərəflərin bərabər iştirakı və bütün sülh planlarının müzakirəsi ilə “münasib vaxtda” beynəlxalq sülh konfransının keçirilməsini təklif ediblər.

Lakin kollektiv Qərbin dəstəklədiyi Kiyev dəfələrlə üçüncü ölkələrin sülh və vasitəçilik təşəbbüslərini rədd edərək, yalnız Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh düsturu”nu həyata keçirəcəyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Blinken   Ukrayna   sülh  





Xəbər lenti