`Həbsxanada işləmişəm, erməninin evində qalmışam…` Tanınmış aktyor

`Həbsxanada işləmişəm, erməninin evində qalmışam…` Tanınmış aktyor
  10 İyul 2014    Oxunub:5025
AzVision.az-ın müsahibi “Yol əhvalatı” filmindən “Fərid” kimi tanıdığımız rejissor, aktyor Yusif Əlizadədir. Bir çox filmlərdə rol almasına və rejissorluq etməsinə baxmayaraq, mənim yaddaşımda daha çox qeyd etdiyimiz kinodakı obrazı ilə qalıb. Görüşərkən də məni ən çox maraqlandıran “Fərid”in nə qədər dəyişməsi idi. Ancaq onu görən kimi tanıdım. 57 yaşının olmasına baxmayaraq, oynadığı obraz hələ də Yusif müəllimin üstündə idi...

- İndi mən təqaüddəyəm.- deyir Yusif müəllim.- Axrıncı dəfə kino işlərilə 2010-cü ildə Tehranda çəkilən “Tərsinə çevrilmiş dünya” filminin çəkilişi zamanı məşğul olmuşam. Mənim öz ssenarim də var, kitab yazmışam, nəşr etdirmişəm. Ancaq nə qədər dalınca düşsəm də, onu ekranlaşdırıb film çəkə bilmədim. Kitabım Qarabağ haqqında idi, hərbi mövzuları xoşlayıram. Kitab bir roman, bir povest və bir hekayədən ibarətdir.



- Yerli filmlərə çəkilmirsiniz?

- Yox, dəvət etməyiblər. Sözün düzü, özüm də getmərəm. İndi elə uşaqlar gəlib işləyirlər ki... Məni daha çox dediyim kimi, başqa mövzular cəlb edir. Ona qalsa, nə qədər filmlər çəklib, qalıb polkalarda...

Mən zamanında kinostudiyanın edə bilmədiyi işləri etmişəm. Məsələn, “Sarıköynəklə Valehin nağılı” filmini çəkəndə aşırmaq üçün maşın lazım idi. Həmin maşını mən gedib tapdım, kinostudiya vermirdi. Belə şeylər kinostudiyanın tarixində çox olub. Özüm gedib arxivdən material götürmüşəm, göl qazdırıb, neft tökdürmüşəm ora, camaatı soyundurub saldırmışam həmin yerə. Rejissor Ənvər Əbluc deyib lazım deyil, demişəm, qoy belə olsun ki, film yaxşı alınsın.



- İncəsnətə gəlməmişdən öncə bu sahə ilə əlaqəsi olmayan peşələrdə çalışmısınız. Maraqlıdır, avtomexanik, `nadzor` necə oldu ki, rejissor, aktyor oldu?

- Özüm əslən Masallının İsi kəndindənəm. Ailədə 10 uşaq idik: 5 bacı, 5 qardaş. Onların hərəsi bir peşənin sahibi oldu. Mən isə incəsənəti istəyirdim. Buna görə də, Bakıya gəlib, burada çalışmalı oldum. Sizə deyim ki, universitetə qədər yaxşı avtomexanik olmuşam. Nəsə xarab olanda dalımca maşınla gəlib aparırdılar. Daha sonra Bayıl türməsində `nadzor` işləmişəm. O zaman 22 yaşım var idi. Bir müddət işlədikdən sonra gördüm ki, o yer mənlik deyil, işləyə bilmərəm. Bu səbədən də işdən qovulmaq üçün müdriyyətin əlinə bəhanə verdim.



Hətta avtobazada, lampa zavodunda işləmişəm. Nəhayət, 1973-cü ildə, 24 yaşımda Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Oxuya–oxuya kinostudiyada da işləyirdim. Yadımdadır, İncəsənət Universitetinə girəndə Fərman Kərimzadə çox sevinirdi. Dedi, “bəs sən girməlisən də universitetə, kim girməlidir ki!?”

- Ailənizdə yolunuzu davam etdirən varmı?

- Övladlarımdan biri - oğlum 1992-ci ildə rəhmətə gedib. Qarabağ savaşında iştirak edib, kantuziya almışdı.



Hazırda ailəmiz mən, yoldaşım Sveta və qızımdan ibarətdir. Qızım ailəsi ilə Moskvada yaşayır. Konservatoriyanı bitirib. Ancaq ailə həyatı qurduğuna görə daha fəaliyyət göstərə bilmədi.

- Siz özünüz kimin yolunu davam etdirdiniz, rejissorlardan kimin fəaliyyəti xoşunuza gəlirdi?

- Arif Babayev, Tofiq Tağızadə... Hərçənd, mən Tofiqlə işləməmişəm. Kinostudiyada çəkiliş qrupunda işləyən və ağlı olan hər bir şəxs hər yerdə işləyə bilər. Çünki hər şeydən onun başı çıxır.

Mənim ilk müəllimim Kamil Rüstəmbəyov olub. Hətta onun çəkdiyi `Axırıncı aşırım` filmində epizodik rolda oynamışam.

Onu deyim ki, xarici görünüşümə görə məni bir çox millətlərə bənzədirdilər. Məsələn, 1971-ci ildə Latın Amerikası polismeni rolunu oynamışam. Mənim sifətim universaldır. Bir dəfə özbəklərdən biri mənə qayıtdı ki, “A vot on uzbek”, özümdən asılı olmadan dedim ki, “ne day boq”. Dedim, nə oldu e, biri özbəyə, biri gürcüyə, biri latın amerikalıya oxşadır. Mən türkəm.



Filmlərlə bağlı xatirələrim çoxdur. Bax, sizinlə söhbət edə-edə yadıma Gürcüstanda başıma gələn əhvalat düşdü. Deməli, “Yol əhvalatı” fiminin baş qəhrəmanı Vaxtanq Pançuladzeni gətirmək üçün Gürcüstana getdim. Vağzalda düşdüm, əlimdə diplomatım var idi. Acmışdım, dedim, elə bufetlərdən birindən nəsə alım, yeyim. Diplomatımı da yerə qoydum. Bir də baxdım ki, bir nəfər əlinə alıb diplomatı astaca aradan çıxır, özünü də elə aprır ki, sanki belə də olmalıdır. Sonradan bildim ki, sən demə, ora başdan-ayağa quldurxana imiş. Həmin adamın çiynindən tutdum, dedim, “otday suda!”

- Kinostudiyadan kiminlə əlaqəniz var?

- Hamısı mənim dostumdur. İndi daha çox Fuadla əlaqəm olur. Hərdən gedib onun Mərdəkandakı bağında dincəlirik. Aydın Dadaşovla birlikdə işləmişəm. Rafiq Dadaşovla hərdən görüşürük. Ələkbər Muradov sağ olanda əlaqə saxlayırdıq. Vaxt olmur, yenə də məşğulam. Hazırda iki kitab üzərində işləyirəm.

- Bir çox filmlərdə həm rejissor assistenti, həm də aktyor kimi iştirak etmisiniz. Bəs niyə baş rollarda çəkilməmisiniz?



- Yox, elə deyil. Məsələn, Yuli Qusman məni “Qorxma, mən səninləyəm” filmində Polad Bülbüloğlunun oynadığı rola çəkmək istəyirdi. Amma oxumaq lazım olduğu üçün Polad Bülbüloğlunu çəkdi. Yəni baş rollarda çəkilmək şansım olub, ancaq nədənsə hər dəfə bir problem çıxıb deyə, alınmayıb. Amma çəkildiyim filmlər çoxdur. Cəld idim, işin içində idim deyə nə lazım olurdusa, yarıdırdım. Hazırda özümlə bağlı “Assistent” adlı povestin nəşrinə hazırlaşıram. Hamısı xatirəmdə çox yaxşı qalıb.

- Tanınmış insanlarla işləmisiniz. Necə qalıblar xatirənizdə?

- Rasim Ocaqov ciddi və təmiz işləməyi sevirdi. Hərc-mərcliklə işi yox idi. Həmişə çətin işlərə məni göndərirdi ki, sən bacaracaqsan.
Daha çox rejissor Ənvər Əbluc, Arif Babayev, Tofiq İsmayılovla işləmişəm. Hətta 1980-ci ildə Tofiq İsmayılov dedi ki, gəl mənə assisentlik et, sonra müəllim olarsan. Maaşın azlığına görə getmədim.

- Kənarda tələbələr yetişdirmədiniz?

- Nə yetişdirmişəmsə, kinostudiyada olub. Çox adamları aktyor etmişəm, çox adamı assistent götürmüşəm.

- Nəşr etməyə hazırlaşdığınız digər kitabın adını niyə “Borc” qoymusunuz?



- Kitabın qəhrəmanı yenə də mənim prototipimdir. Avtomexaniklik etdiyim dövrləri, Bayıl türməsində `nadzor` kimi işləməyimi, hətta özümün də həbsxanada olmağımı kitaba daxil etmişəm. Yəni həyatımda baş verən, müşahidə etdiyim gördüyüm hadisələrlə bağlıdır kitabın adı.

- Prezident təqaüdü alırsınız?

- Nəinki təqaüd, mənim heç fəxri adım da yoxdur. Nə qədər müddət kirayə qalmışam. Sonra rəhmətlik Heydər Əliyevə məktub yazandan sonra bizə ev verdilər. Vaxt var idi ki, Bakıda yaşayan ermənin evində kirayə qalırdım. Mən niyə ermənin evində kirayə qalmalıyam?! Belə şeylər adama toxunurdu. İndi daha elə problem yoxdur, indi mənim ikinci evim də var.



Şahanə RƏHİMLİ
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti