Ermənipərəst senatorun günahı sübut olundu
// ABŞ məhkəməsi Robert Menendesi xarici agent saydı
Məhkəmənin qərarından dərhal sonra Senatda demokratlar çoxluğunun lideri Çak Şumer Menendesi istefa verməyə çağırıb.
“Məhkəmənin ittihamı fonunda senator Menendes indi seçiciləri, Senat və ölkəmiz üçün düzgün olanı etməlidir - istefa verməlidir”, - qəzet Çak Şumerdən sitat gətirir.
Lakin təqsirini etiraf etməyən Menendes məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
2023-cü ilin sentyabrında Nyu-Cersi ştatından olan üç iş adamı ilə korrupsiya sövdələşmələrində əli olması və yüz minlərlə dollar rüşvət alması ilə bağlı Menendesə və onun həyat yoldaşı Nadin Arslanyana qarşı ittiham irəli sürülüb. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb. Daha sonra ABŞ-nin Ədliyyə nazirliyi Menendesə qarşı əlavə ittihamlar irəli sürərək onu Misir və Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib.
Xatırladaq ki, ABŞ Konqresində Azərbaycan əleyhinə dinləmələrin təşəbbüskarı kimi Robert Menendes ölkəmizə qarşı sanksiyaların tətbiqi və Ermənistana hərbi yardım göstərilməsi haqqında qanun layihəsinin müəllifidir. Konqresin Ermənistan məsələləri üzrə parlament qrupunun üzvü olan demokrat-senator 2022-ci ildə İrəvanın maraqlarını müdafiə etdiyinə görə Ermənistanın “Dostluq” ordeni ilə təltif edilib.
Sahil İsgəndərov
AzVision.az