Özəl məktəblərin şagirdləri niyə yüksək bal toplayanlar arasında yoxdur? - AÇIQLAMA

 Özəl məktəblərin şagirdləri niyə yüksək bal toplayanlar arasında yoxdur? -  AÇIQLAMA
  05 Aprel 2024    Oxunub:1543
Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan verən şagirdlər arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Şagirdlərin 7-si Bakı məktəblərini, digərləri isə regionlarımızı təmsil edirlər.

Maraqlı məqamlardan biri də budur ki, şagirdləri yüksək bal toplayan təhsil müəssisələrinin siyahısında özəl məktəblər yoxdur.
Təhsil eksperti Elşən Qafarov AzVision.az -a bildirib ki, özəl məktəblərdə oxuyan şagirdlərin əksəriyyəti beynəlxalq standartlarla təhsil alırlar.

Onun sözlərinə görə, onların ali məktəblərə qəbulu da tamamilə başqa cür həyata keçirilir:

“Həmin məktəblərdə Nazirlər Kabinetinin beynəlxalq standartlarla müvafiq qərarı var. Təhsil sistemi də tamamilə ayrıdır. Bizim özəl məktəblərdə çox az sayda şagirdlərimiz dövlət standartlarına uyğun olaraq təhsil alır. Ölkədə 32 özəl məktəb var və təhsil alanların sayı cəmi 7 minə yaxındır. Həmin şagirdlər yalnız riyaziyyat və xarici dildən imtahan verirlər. Ümumi nəticə üzrə onların balı üç fənndən imtahan verən şagirdlərə nisbətən daha az olacaq”.

Ekspertin sözlərinə görə, özəl məktəblərdə maksimum nəticə 200 baldır:

“Orada təhsil alan şagirdlər daha çox xarici dildə təhsil alırlar. Onlar üçün yekun buraxılış imtahanı önəmli deyil. Çünki həmin məktəblərin özlərinin qiymətləndirmə metodu var. Özəl məktəblərdə nəticənin bu şəkildə olması normaldır. Həmin məktəblərdə olan şagirdlərin nəticələrini dövlət məktəblərində olan abituriyentlərin nəticələri ilə müqayisə etməyimiz doğru deyil”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti