Güclü külək bir sıra fəsadlar törədib

Güclü külək bir sıra fəsadlar törədib
  04 Aprel 2024    Oxunub:1244
Aprelin 4-də səhər saatlarından başlayaraq əsən güclü külək bir sıra fəsadlar törədib. Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən AzVision.az -a məlumat verilib. Nazirliyin 112 - qaynar telefon xəttinə güclü külək nəticəsində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, D massivi, bina 28 ünvanındakı onmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanında peyk antenasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyət yaratması barədə məlumat daxil olub.

Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə peyk antenası götürülərək mümkün fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.

Bundan başqa, güclü küləyin təsirindən Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsi, Əli Nəzmi küçəsi, 3A ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün qopub düşməsi nəticəsində qonşu evə giriş-çıxışın məhdudlaşması, habelə sakinlərin sərbəst hərəkətinə maneə yaranması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qopmuş dam örtüyünü ərazidən götürərək fərdi yaşayış evinə giriş-çıxışı və vətəndaşların sərbəst hərəkətini bərpa ediblər.

Həmçinin Abşeron rayonunun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, bina 110 ünvanında üçmərtəbəli qeyri-yaşayış binasının dam örtüyünün vətəndaşlar üçün yaratdığı təhlükə ilə əlaqədar xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti