"Bu, genişmiqyaslı əfv sərəncamı olacaq" - Əliməmməd Nuriyev əfvdən danışdı

 "Bu, genişmiqyaslı əfv sərəncamı olacaq" -  Əliməmməd Nuriyev əfvdən danışdı
  04 Aprel 2024    Oxunub:1498
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib. İclasda 700-dən çox müraciətə baxılıb.
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev AzVision.az -a bildirib ki, iclasda məhkumlar, onların yaxınları, vəkilləri tərəfindən daxil olan müraciətlərə, ayrı-ayrı məhkumların əfv olunması ilə bağlı Milli Məclisin deputatlarının, Ombudusman, qeyri-hökumət təşkilatlarının vəsatətlərinə baxılacaq:

“Artıq yüzdən artıq məhkumun müraciətinə baxıldı. Bir neçə saat ərzində Əfv Komissiyasının iclası davam etdi. Daxil olan müraciətlərlə bağlı ətraflı müzakirələr aparıldı. Müvafiq rəyin hazırlanması barədə qərarlar qəbul olunub. Əfv Komissiyasının iclasları başa çatandan sonra bütün rəylər cənab Prezidentə təqdim olunacaq. İlham Əliyev kimlərin əfv olunub-olunmaması ilə bağlı qəti qərar qəbul edəcək. Çünki əfv etmə hüququ Prezidentin səlahiyyətidir”.

Ə.Nuriyev onu da qeyd edib ki, konstitusiya qəbul olunandan indiyə qədər 69 əfv sərəncamı olub:

“Qəbul olunan əfv sərəncamları 9300 məhkuma şamil edilib. Bəzilərinin cəzaları götürülüb, ya dəyişdirilib. Əfv sərəncamlarından 32-si Ulu Öndər Heydər Əliyev tərəfindən qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə indiyə qədər 36 əfv sərəncamı imzalanıb və bu, beş mindən artıq şəxsə şamil edilib. Cənab Prezidentin fəaliyyətində əsas prinsiplərdən biri də mərhəmət və humanizmdir.

Eyni zamanda, dövlət başçısı 2019-cu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman da imzalayıb. Sonuncu əfv sərəncamı ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə olub. Sərəncam 801 məhkuma şamil edilib. Bu da ən genişmiqyaslı əfv sərəncamı hesab olunur. Daxil olan müraciətlərə baxılıb başa çatdıqdan sonra iclaslar bitəcək. Ona görə də konkret olaraq nə qədər iclasın keçiriləcəyini söyləmək çətindir”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti