Aİ-nin yeni sanksiyaları Navalnının şərəfinə həsr olunacaq

Aİ-nin yeni sanksiyaları Navalnının şərəfinə həsr olunacaq
  19 Fevral 2024    Oxunub:850
Avropa İttifaqının (Aİ) siyasətçiləri insan haqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi mexanizmini Aleksey Navalnının şərəfinə adlandırmağı planlaşdırır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ Şurasının iclası ərəfəsində məlumat verib.

Borrelin sözlərinə görə, iclas iştirakçıları “Rusiya daxilindəki müxalifətə” dəstək siqnalı göndərmək niyyətindədirlər və tədbirdə Aleksey Navalnının həyat yoldaşı Yuliya da iştirak edəcək.

Qeyd edək ki, Rusiyanın müxalifəti təmsil edən siyasətçisi Aleksey Navalnıya qarşı 2021-ci ildən sərt tədbirlər görülür. Məhkəmə onun 3,5 illik şərti cəzasını real rejimdə cəza ilə əvəz etmişdi. 2022-ci ilin martında isə Navalnı dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edildi.

2022-ci ilin oktyabrında o, ekstremist icma yaratmaq, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə ittiham olunub. 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi bu iş üzrə Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs cəzası verib.

O, bu ilin fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında dünyasını dəyişib. İstintaq Komitəsi ölüm faktı ilə bağlı araşdırmalar aparır.

Fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmış bildirmişdi ki, Navalnı həbsdə olduğu müddətdə 27-ci dəfə cəzaçəkmə kamerasına göndərilib.

Xatırladaq ki, Aleksey Navalnının 47 yaşı var idi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Sanksiya  





Xəbər lenti