ABŞ və İsrail Yəmənə birgə zərbələr endirib

ABŞ və İsrail Yəmənə birgə zərbələr endirib
  05 May 2025    Oxunub:372
ABŞ və İsrail “Ənsar Allah” qiyamçı hərəkatının husilərin nəzarəti altında olan Hodeyda şəhərinə birgə zərbələr endirir.
AzVision.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalının məlumatına görə, İsrail təyyarələri Qırmızı dəniz sahilində yerləşən Hodeyda limanına, eləcə də husilərin yaxınlıqdakı obyektlərinə hücum edib.

Mənbələrinin məlumatına görə, mayın 5-i axşam saatlarında Əl-Hodeyda əyalətinə azı 12 hava zərbəsi endirilib.

Xatırladaq ki, mayın 4-də husilər tərəfindən atılan raket Tel-Əvivin Ben Qurion beynəlxalq hava limanı yaxınlığında partlayıb. İsrail Ordusu dəfələrlə cəhdlərə baxmayaraq raketin qarşısını almağın mümkün olmadığını bildirib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Husilər raket zərbəsinə görə məsuliyyəti üzərinə götürüblər. Hərəkatın hərbi sözçüsü Yəhya Saria üsyançı qüvvələrin hava limanına hipersəs ballistik raketlə hücum etdiyini bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu cavab tədbirləri görəcəyinə söz verib.

Yəmən husiləri Qəzza zolağında atəşkəsin pozulmasından sonra İsraili müntəzəm atəşə tutmağa başlayıb. Üsyançılar dəfələrlə fələstinlilərlə həmrəylik üçün İsrail ərazisinə raket və pilotsuz təyyarələrdən zərbələr endirdiklərini bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti