Melburnda Qarabağ sərgisi

Melburnda Qarabağ sərgisi
  20 İyun 2014    Oxunub:1995
Melburnda fəaliyyət göstərən Deakin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının Qarabağ mövzusunda rəsmlərindən ibarət sərginin təqdimatı keçirilib.
Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adlı layihə çərçivəsində reallaşdırılıb.

İyunun 15-dən başlanan sərginin rəsmi təqdimat mərasimində əvvəlcə Azərbaycan haqqında qısa tanıtım filmi nümayiş olunub. Sonra “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva layihənin məqsədi, eləcə də əsərləri nümayiş olunan rəssamlar haqqında ətraflı məlumat verib. Qeyd edək ki, sərgidə Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın rəsmləri nümayiş edilir.



Deakin Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin məsləhətçisi Li-Ann Armitaj çıxış edərək bu cür tədbirlərin xalqlar arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini bildirib.

Deakin Universiteti kitabxanasının direktor müavini Sui Oven sərginin keçirilməsini mədəniiyyətlərarası dialoqa yaxşı nümunə kimi qiymətləndirib.



Layihə çərçivəsində Deakin Universitetində Azərbaycanın tarix və mədəniyyətinə həsr olunmuş xüsusi guşə də açılıb. Sərgiyə gələnlər Azərbaycan guşəsində Qarabağ münaqişəsinin kökləri, erməni terroru, eləcə də Xocalı genosidi haqqında məlumatlarla tanış olublar. Qonaqlara Azərbaycanın işğal tarixini əks etdirən xüsusi xəritə, “Xocalıya ədalət” kompaniyasına dair bukletlər paylanıb.

Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə kitab və broşüralar, eləcə də Azərbaycan xalçasına, mədəniyyətimizin digər sahələrinə dair kitablar Deakin Universitetinin kitabxanasına hədiyyə olunub.


Teqlər:





Xəbər lenti