"Turizm üzrə göstəricilərə 2026-ci ildə çatmağı proqnozlaşdırırıq" - Kənan Qasımovla müsahibə
-Hazırda bu istiqamətdə bərpa prosesi davam edir. Baxmayaraq ki quru sərhədlərinin bağlı olması faktorunun təsiri ilə gəlmə sayı üzrə bərpa tam başa çatmayıb, bununla belə daxili turizmin pozitiv dinamikası, gəlmə turizmi üzrə bazarların coğrafiyasının şaxələnməsi, adambaşına düşən turist xərcləmələrində real artımlar turizm sektorunun iqtisadiyyatda payının pandemiyadan əvvəlki səviyyəyə, yəni 2.4 faizə çatmasını dəstəklədi. DTA-nın proqnozlarına görə, hər hansı fors major hallar baş vermədiyi halda gəlmə sayı üzrə göstəricilər də 2024-cü ildə tam bərpa olunacaq. Onu da qeyd edim ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində icra edilən tədbirlərin də dəstəyi ilə 2026-cı ildə Azərbaycana səfər edən xaricilərin sayının 4 milyon nəfərə çatacağını proqnozlaşdırırıq. Bu isə pandemiyadan əvvəlki ən yüksək göstərici ilə müqayisədə 26% çoxdur.
- Pandemiyadan əvvəlki dövrlə müqayisədə hazırda gələn turistlərin mənsub olduğu ölkələr fərqlənir?
- Hazırda Şərqi Asiya ölkələrindən, Hindistan, Pakistan, Çindən Azərbaycana səfərlərin bərpası prosesi gedir. Ənənəvi hədəf bazarlar üzrə də müvafiq tədbirlər davam etdirilir. Eyni zamanda yeni hədəf bazarlar da müəyyənləşdirilib.
Son dövrlərdə Hindistan və Pakistan kimi ölkələrdən olan turistlər arasında Azərbaycana böyük maraq müşahidə olunur. Söhbət təkcə individual turistlərdən deyil, həm də həm də turist qruplarından gedir. Film çəkilişi, böyük tədbirlərin təşkili ilə bağlı Hindistan bazarı üzrə ölkəyə gələnlərin sayında artım müşahidə edirik.
- Bəs Avropa bazarı?
-Avropa bazarı ilə də işləyirik. Diqqətinizə çatdırmaq istərdim ki, təkcə 2023-cü ilin yanvar-oktyabr aylarında Avropa İttifaqından gələnlərin sayında 42% artım olub. Qeyd edək ki, ikitərəfli hava əlaqələrinin mövcud olduğu ölkələrə münasibətdə daha yüksək rəqəmlər müşahidə edilir. Bizim üçün Avropada əsas hədəf bazarlar Polşa, Almaniya və Böyük Britaniyadır. Birbaşa hava əlaqələri artıqca bu prosesi digər ölkələrlə də davam etdirəcəyik.
- Gəlirlik baxımından bəs? Ölkəyə gələn turistlərdən nə qədər gəlir götürülüb?
- Yanvar-oktyabr aylarında Azərbaycana səfər edən xaricilərin turizm məqsədləri üçün xərcləri 2 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80% çoxdur.
- Qarabağa yerli turist səfərləri başlayıb və davam edir. Bəs xarici turistlərin bu bölgəyə səfəri nə zamandan başlayacaq? Həmçinin “dark” turizmin əhəmiyyəti barədə də qeyd edilirdi. Bununla bağlı hansı işlər həyata keçirilir?
- Qarabağda turizm infrastrukturu ilə bağlı məsələlər ümumi şəhərsalma planları çərçivəsində həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə turizm mərkəzli şəhərlər artıq müəyyənləşdirilib. Turizmlə bağlı layihələrdə bu məqamlar öz əksini tapır. Artıq bir neçə layihənin həyata keçirilməsinə başlanılıb. Məsələn, Şuşanın turizm potensialının tanıdılması istiqamətində işlər görülür. Burada bir neçə hotellər artıq istifadəyə verilib. Bildiyiniz kimi, mart ayından Şuşaya turlar həyata keçirilir.
Eyni zamanda Suqovuşan ətrafında turizm kompleksi yaradılıb, bu ilin oktyabr ayında cənab Prezidentin iştirakı ilə orada istirahət parkının açılışı baş tutdu. Tuğ kəndində və Hadrutda layihələndirmə işləri görülür. Artıq Kəlbəcər və Laçında turizmlə bağlı qiymətləndirmələr başa çatdırılıb, məlumat toplanması prosesi yekunlaşıb. Kəlbəcər və Laçının turizmi ilə bağlı konkret strategiyalar üzərində işlənilir. Proses davamlıdır və layihələr yekunlaşdıqca yenilərini həyata keçirməyə davam edəcəyik. Burada ən vacib istiqamət regiona qayıdış da nəzərə alınmaqla, iş yerlərinin yaradılması, məşğulluğun artırılması baxımından turizmin önəm kəsb etməsidir. Əmin olmaq olar ki, Qarabağda ən sürətli şəkildə inkişaf gedən sahələrdən biri də turizmdir.
“Dark” turizm – erməni vəhşiliyi nəticəsində dağılmış yerlərin təqdimatı ilə bağlı işlər gedir. Təbii ki, regionda bütün dağıdılmış yerləri saxlaya bilmərik. Bu baxımdan İşğal və Zəfər muzeylərinin konsepsiyaları önəmli rol oynayır. Bütün bunlar Qarabağa səfər edən turistlər üçün alternativ turizm istiqaməti olacaq.
- O zaman Qarabağa maraq hazırda yerli turistlər arasında daha çoxdur.
- Təbii ki, reallığı nəzərə alsaq, indiki halda daha çox yerli turistlər Qarabağa səfər edir. Lakin həmin ərazilərdə təhlükəsizlik tam təmin olunduqdan, orada infrastruktur formalaşdırıldıqdan sonra Qarabağın təqdimatı ilə bağlı da işlər görüləcək. Beləliklə, Qarabağ xaricdən gələn turistlər üçün maraqlı destinasiya kimi təqdim olunacaq.
- Bir müddət öncə bəzi hotellərin ulduz təsnifatı aparıldı, bəzi hotellərdə ulduzların sayı azaldıldı. Hazırda digər hotellərlə bağlı işlər aparılır?
- Bununla bağlı proses gedir. Həm turizm reyestrinə hotellərin qeydiyyatı, həm də reyestrdə ulduz məlumatların yerləşdirilməsi paralel olaraq aparılır. Prosesi mərhələli şəkildə aparmaq həm sənaye, həm də digər maraqlı tərəflər üçün məqsəduyğundur. Əlbəttə, bütün hotelləri eyni anda sertifikasiyadan keçirmək mümkün deyil. Qarşıdakı müddətdə ölkədəki hotellərin ulduz sertifikasiyası yekunlaşacaq. Bəzi hotellər verilən ulduz göstəriciləri ilə razılaşmaya bilirlər, lakin onlara vaxt verilir ki, çatışmazlıqları aradan qaldırsınlar.
- Qubaya yeni ödənişli yolun açılması ilə məsafə azaldı. Bu, turistlərin sayına təsir edib?
- Əlbəttə. Bir müddət əvvəl Quba-Bakı yolundakı narahatlıq səbəbindən turistlərin sayında azalma var idi. Amma bu gün əvvəlki dövrdə olduğu kimi turistlərin Quba-Qusara səfəri bərpa olunub. Xüsusən də qış mövsümündə “Şahdağ”a maraq olduqca əhəmiyyət kəsb edir.
- Şahdağla bağlı qeyd etmişkən. Məlumdur ki, qlobal istiləşmə dövründəyik, isti günlərin sayı hər ötən dövrlə müqayisədə artır. Bu proses “Şahdağ” Turizm Mərkəzinin saxlanılmasında problemlər yaradır? Orada qış turizminin qorunub saxlanılması üçün hansı işlər görülür?
- Qlobal istiləşmə bütün regionda baş verir və buna uyğun adaptasiya prosesləri həyata keçirilir. Dəqiq hesablama aparılmayıb ki, neçə ildən sonra bu, hansı formada olacaq. Amma risklər də nəzərə alınmaqla “Şahdağ”ın yay-qış turizm istiqamətli müəssisə kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Qeyd etməliyəm ki, bu yay “Şahdağ”da əlavə turizm xidmətləri təklif olunub, turistlərin regiona marağı baxımından effektiv mövsüm olub. Bu baxımdan mövsümiliyin aradan qaldırılması istiqamətində işlərin görülməsi də prioritetlərimizdəndir.
Aytən Zəhra
AzVision.az
Teqlər: