“Yaxşı ki, hakimiyyətə Heydər Əliyev gəldi” - Keçmiş müsavatçı

“Yaxşı ki, hakimiyyətə Heydər Əliyev gəldi” - Keçmiş müsavatçı
  05 İyun 2014    Oxunub:1273
“4 iyun qiyamı Azərbaycan tarixinin ən qara səhifələrindən biridir. Çünki həmin dövrdə Rusiyanın dəstəyi ilə Azərbaycanda dövlət çevrilişi həyata keçirildi. Və Surət Hüseynovun qaragüruhçu qüvvələrinin vasitəsilə bölgədə real hakimiyyət devrildi”.
Bunu AzVision.az-a açıqlamasında politoloq keçmiş dövlət müşaviri Qabil Hüseynli 4 iyun hadisələrindən danışarkən deyib.

Keçmiş dövlət katibinin fikrincə, Gəncə hadisələrinin yeganə səbəbkarı Surət Hüseynov və onun ətrafında olan şəxslər idi.

“Surət Hüseynov özünün cəbhədəki bir sıra xəyanətkar addımları ilə mövqelərimizin düşmənə təslim edilməsində böyük rol oynadı, ermənilərin geniş miqyaslı hücumlarına yol açdı. Bu hücumlar nəticəsində Azərbaycan ordusunun əvvəllər əldə etdikləri mövqelərin böyük bir hissəsi ermənilərin əlinə keçdi, üstəlik də bu hücumları davam etdirən ermənilər Dağlıq Qarabağın hüdudlarından kənardakı 6 rayonun işğal edilməsinə şərait yaratdı. Sürət Hüseynovun 4 iyun qiyamı təkcə bununla bitmədi. O, hakimiyyətə gəldi və xalqın tələbilə mərhum Heydər Əliyev də gəldi və Ali Sovetin sədri seçildi. Amma Surət Hüseynovun baş nazir seçilməsi heç də onun etirazlarını sakitləşdirmədi.O yenidən 4 oktyabrda dövlət çevrilişinə cəhd etdi”.

Q.Hüseynli qeyd edib ki, mərhum prezident Heydər Əliyevin məharətli, bacarıqlı siyasəti nəticəsində Surət Hüseynovun çevriliş cəhdi neytrallaşdırıldı. və o baş nazir vəzifəsindən də uzaqlaşdırıldı. Özü isə Rusiyaya qaçmağa müfəvəq oldu. Sonradan o Rusiyadan geriyə alınararaq, ona layiqli cəza verildi və o öz cəzasını çəkməyə başladı.

Politoloq əlavə edib ki, 4 iyun hadisələrinin bir müsbət cəhəti odur ki, hakimiyyət mərhum prezident Heydər Əliyevin əlinə keçib: “Və o, Azərbaycan dövlətinin dağılmasının qarşısını aldı. 4 iyun hadisələri Azərbaycan tarixində çox ziddiyyətli izlər buraxdı. Bizim üçün əsas olan odur ki, bu qiyamı həyata keçirən şəxsləri ifşa etmək mümkün oldu və onlar neytrallaşdırıldı”.

Qeyd edək ki, bu gün Gəncə qiyamından 21 il keçir. Belə ki, 4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.

S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti