Dünyanın ən məşhur hakeri öldü

   Dünyanın ən məşhur hakeri öldü
  20 İyul 2023    Oxunub:1132
XX əsrin ən təhlükəli amerikalı hakerlərindən biri, həbsdən çıxdıqdan sonra informasiya təhlükəsizliyi üzrə mütəxəssisə çevrilən Kevin Mitnik 59 yaşında Las-Veqasda vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, ölümün səbəbi mədəaltı vəzi xərçənginin yaratdığı fəsadlar olub. Mitnikə bir il əvvəl bu diaqnoz qoyulub və Pittsburq Universitetinin Tibb Mərkəzində müalicə olunub.

Mitnik 1990-cı illərdə ölkə daxilindəki kompüterlərdən istifadəçilərin kredit kartı məlumatlarının olduğu minlərlə faylı oğurlayıb, müxtəlif kompüter sistemlərini və telefon şəbəkələrini zədələyib. Bundan sonra ABŞ kəşfiyyat rəsmiləri Mitniki "dünyada ən çox axtarılan kompüter hakeri" adlandırıblar. 1995-ci ildə, yəni təxminən iki il axtarışda olandan sonra, Mitnik FTB tərəfindən həbs edilib və telefon məlumatlarına qeyri-qanuni giriş və kompüter fırıldaqçılığı ilə ittiham edilib.

1998-ci ildə bir qrup haker tərəfdarı The New York Times saytını bir neçə saat ərzində ələ keçirərək administrasiyanı onu bağlamağa məcbur edib. Bir il sonra Mitnik dələduzluqda günahını etiraf edib və 10 ilə yaxın həbs cəzasına məhkum edilib. 2000-ci ildə azadlığa çıxandan sonra o, təhlükəsizlik üzrə məsləhətçi, yazıçı və publisist kimi fəaliyyətə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti