İranın Ali Milli Təhlükəsizlik şurasında dəyişiklik gözlənilir

   İranın Ali Milli Təhlükəsizlik şurasında dəyişiklik gözlənilir
  22 May 2023    Oxunub:1247
İranın Ali Milli Təhlükəsizlik şurasının katibi Əli Şəmxaninin on ildən sonra tutduğu vəzifədən istefa verəcəyi barədə məlumat yayılıb. “Noornews” saytı Əli Şəmxaninin Twitter səhifəsində paylaşdığı şeirdə buna işarə etdiyini yazır.
AzVision.az “Noornews” saytına istinadən xəbər verir ki, dünən Əli Şəmxani heç bir açıqlama vermədən öz Twitter səhifəsində Möhtəşəm Kaşaninin bir misrasını paylaşıb: “Hicab arxasından danışılan bir söz idi, gizlincə dedi və işarələrə qulaq asaraq getdi getdi.”

- Son həftələrdə Şəmxaninin Ali Milli Təhlükəsizlik şurasının katibi vəzifəsindən istefa vermək niyyəti ilə bağlı müxtəlif dairələrdə çoxlu şayiələr yayılsa da, onun öz Twitter hesabında Möhtəşəm Kaşaninin mənalı şeirinin paylaşması on ildən sonra bu vəzifədən getməsinin qəti olduğunu göstərir” – bu misralara istinadən yayılan məlumatda vurğulanır.

Keçən ilin noyabrında xalq etirazlarının qızğın vaxtında Şəmxaninin istefasının mümkünlüyü barədə xəbərlər yayılsa da bu, təkzib edildi. Yeri gəlmişkən, Əli Şamxani İranın Müdafiə naziri vəzifəsini tutarkən, onun sabiq müşaviri, ikili vətəndaşlığa malik, casusluqda ittiham olunan Əlirza Əkbəri bu ilin yanvarında edam edildikdən sonra, Şəmxaninin istefasının mümkünlüyü barədə yenidən xəbərlər yayıldı. Amma həmin xəbərlər də təkzib olundu.

İstisna deyil ki, Əlirza Əkbər qalmaqalından sonra müəyyən pauza götürən İran hakimiyyəti indi istefaya getmək məqamının yetişdiyi barədə Əli Şamxaniyə işarə edib.

AzVision.az


Teqlər: Şəmxani   istefa  





Xəbər lenti