İranda etirazçıların edamına beynəlxalq aləmdən sərt reaksiya

  İranda etirazçıların edamına beynəlxalq aləmdən sərt reaksiya
  19 May 2023    Oxunub:1443
İsfahanda həbsdə saxlanılan etirazçılar Saleh Mirhaşimi, Məcid Kazimi və Səid Yaqubinin edamı ərəfəsində bir sıra beynəlaxalq təşkilatların, habelə müxtəlif ölkələrdən olan və iranlı hüquq müdafiəçilərinin, ziyalıların müraciətlərinə və xəbərdarlıqlarına baxmayaraq, İran hakimiyyəti öz cinayətkar əməlindən çəkinməyib. Teklratik rejimin bu addımına dünya ictimaiyyəti haqlı olaraq çox sərt təpki sərgiləyib.
AzVision.az “İranwire” xəbər agentliyinə istinadən bildirir ki, İsfahan Evi işi üzrə üç müttəhimin qətlə yetirilməsindən sonra beynəlxalq qurumların hərəkətsizliyinə etiraz əlaməti olaraq hüquq müdafiəçiləri BMT-nin Vyanadakı regional mənzil-qərargahının əsas qapısı qarşısında edam edilənlərin şəkillərini yerləşdiriblər.

“İranda ümummilli etirazlar başlayandan bəri dəfələrlə Vyanada BMT-nin mənzil-qərargahı qarşısına toplaşan hüquq müdafiəçiləri bu gün səhər İsfahanın Dəstgərd həbsxanasında edam edilən Saleh Mirhaşimi, Məcid Kazimi və Səid Yaqubinin şəkillərini bu təşkilatın əsas qapısı qarşısında yerləşdiriblər” - yayımlanan məlumatda deyilir.

Böyük Britaniyanın Beynəlxalq Amnistiya təşkilatının rəhbəri Nina Navid isə üç iranlı etirazçının edamı ilə bağlı BBC-yə verdiyi müsahibədə İranda daha çox adamın ölümə göndəriləcəyindən narahat olduğunu vurğulayaraq, hazırda dünyadakı edamların təxminən 65%-nə görə Tehranın məsuliyyət daşıdığını deyib.

- Hüquqları uğrunda mübarizə aparan iranlı qadın və qızlar sadəcə olaraq daha yaxşı həyat və azadlıq hüquqlarını istəyirlər. Dünyadakı edamların təxminən 65% İranın payına düşür. Edamların sayının artması həqiqətən çox narahatedicidir. Bu gün üç nəfərin edamı, yaxın aylarda daha çox insanın edam riski ilə üzləşəcəyini göstərir” – Nina Navid vurğulayıb.

Yeri gəlmişkən, dünən “Amnesty İnternational” təşkilatının bu müttəhimlərin edamının dayandırılması tələbini qoyan məktubunda “İran hökumətinin ölüm hökmündən siyasi repressiya aləti kimi istifadə etiyi, bu qruplara qarşı uzunmüddətli ayrı-seçkilik və repressiya siyasətinin bir hissəsi kimi etnik azlıqların nümayəndələrini qeyri-mütənasib şəkildə edama göndərdiyi” qeyd olunurdu.

İsfahanda 3 etirazçının edamı yalnız beynəlxalq təşkilatlarda yox, ayrı-ayrı ölkələrdə də sərt reaksiya ilə qarşılanıb.

Avstraliyanın xarici işlər naziri Penni Vonq öz Tvitter hesabında bugünkü edamları ilə bağlı İrandakı teokratik rejimi vəhşilikdə günahlandırıb.

“İranda Məcid Kazimi, Səid Yaqubi və Saleh Mirhaşiminin edam edilməsini İran rejiminin öz xalqına qarşı vəhşiliyinin nümunəsidir. Biz bu biabırçı qətlləri ən sərt şəkildə qınayırıq. Qəlbimiz onların ailələri ilədir. Avstraliya İran xalqının yanındadır”, - Penni Vonq yazıb.

Qeyd edək ki, İran hakimiyyətinin cinayətkar əməlindən biq neçə gün əvvəl Məcid Kazeminin qohumları açıq məktubla Avstraliyanın Xarici İşlər nazirindən 3 nəfərin edamının qarşısını almağa kömək etmək üçün müraciət ünvanlamışdılar.

İsfahan Evi işi üzrə 3 məhbusun edamı Almaniya cəmiyyətində də neqativ rezonans doğurub. Almaniya Sosial Demokrat partiyasının Federal parlamentdəki nümayəndəsi xanım Yevan Ray öz Tvitter hesabında İranın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu yazıb.

- Daha üç nəfəri öldürdülər. İran hakimiyyəti bir daha sübut etdi ki, terrorçudan başqa bir şey deyil”, - – almaniyalı deputat vurğulayıb.
Xanım Ray edam olunmuş 3 nəfərin adını heşteq etməklə onların ictimai rəydə möhkəm qalmalarını arzulayıb.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az





Teqlər: İran   edamlar  





Xəbər lenti