Bayramov Lavrovla görüşdü - YENİLƏNİB + VİDEO

Bayramov Lavrovla görüşdü  -  YENİLƏNİB + VİDEO
  19 May 2023    Oxunub:2287
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında görüş başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.


***
Rusiyanın Moskva şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

Görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı və aktual regional məsələləri də müzakirə edəcəklər.

Rəsmi Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdiyi bütün razılaşmaların həyata keçirilməsi əzmindədir deyən Lavrov qeyd edib ki, Rusiya paytaxtında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir. Xarici işlər naziri bu tədbirlərin təşkilinə görə Azərbaycanın Moskvadakı səfirliyinə təşəkkür edib.



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov S.Lavrova təşəkkürünü bildirib və ikitərəfli, üçtərəfli formatda görüşlər keçirmək, Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə nizamlanma ilə bağlı bir sıra məsələlərin və Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsi imkanını yüksək qiymətləndirib.

“Siz təmaslarda müşahidə olunan dinamika barədə danışdınız, mən isə xüsusilə onu da qeyd etmək istəyirəm ki, bizim görüşümüz keçirilən vaxtda paralel olaraq Kazan şəhərində Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi təxminən 80 nəfərdən ibarət böyük nümayəndə heyəti “Rusiya – İslam dünyası” tədbirində iştirak edir.

Dünən ölkəmizin səfiri ilə burada keçirilən tədbirlərin intensiv qrafikini müzakirə etmək imkanımız oldu. Səfir sizin dövlət orqanlarınızın, ictimai təşkilatlarınızın, vətəndaşlarınızın Heydər Əliyevin yubileyinə olan yüksək diqqətindən danışdı. Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin, dostluğunun simvolu və ölkələrimizi birləşdirən amil olub. Mən hesab edirəm ki, hazırkı görüş imkanından digər əhəmiyyətli məsələlərin müzakirəsi üçün də istifadə edəcəyik”.

AzVision.az


Teqlər: Lavrov   CeyhunBayramov  





Xəbər lenti