Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin yeni görüş vaxtı açıqlandı

   Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin yeni görüş vaxtı açıqlandı
  19 May 2023    Oxunub:1194
Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin hərtərəfli danışıqlar üçün görüşü iyunun sonunda baş tuta bilər. AzVision.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
“Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesində xarici işlər nazirlərinin həlledici görüşündən sonra nazir müavinləri arasında növbəti təmas planlaşdırılır. Nümayəndə heyətlərinin hərtərəfli danışıqlarının tarixi iyunun sonudur", -nəşr yazır.

Qəzetin əldə etdiyi məlumata görə, Moskvada keçirilən xarici işlər nazirləri dördlüyü görüşü texniki nümayəndə heyətlərinin əvvəlki görüşlərindən daha mötədil olub.

"Türkiyənin masadakı prioritetləri arasında ən çox diqqət çəkən mövzu terrorla mübarizə olub. Bu məsələ bütün aspektləri ilə Suriyanın xarici işlər naziri Mikdat Faysalın diqqətinə çatdırılıb. Terrorla mübarizədə birgə addımların atılması təklif edilib. Fəratın qərbində Təl-Rifat və Mənbicdə PKK-YPG-nin (Türkiyədə qadağan olunmuş Kürdüstan İşçi Partiyası) varlığının ortaq əməliyyatlarla təmizlənə biləcəyi və bu ərazilərin Suriyanın nəzarətinə qaytarıla biləcəyi bildirilib. Suriya tərəfi də açıq şəkildə bəyan edib ki, terrorizmlə mübarizədə birgə çalışa bilərlər",- qəzet dəqiqləşdirir.

Onun mənbələri bildiriblər ki, Türkiyə də Suriya müxalifəti ilə siyasi prosesdə güzəştə getmək üçün danışıqlar aparır.

“Qaçqınların geri qayıtması ilə bağlı əsas prinsip “könüllü, təhlükəsiz və ləyaqətli qayıdış”dır. Bu məqsədlə Rusiya, İran və Türkiyənin bu prosesə qarant kimi cəlb edilməsi məsələsi gündəmdədir. Dekabr ayında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi etdi.

Qeyd edək ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri çətin olaraq qalır. Lakin son vaxtlar hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyündən danışırlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İran   Suriya   Türkiyə  





Xəbər lenti