İranda yüzlərlə insan zəhərləndi

   İranda yüzlərlə insan zəhərləndi
  16 May 2023    Oxunub:1025
İranın İlam əyalətinin Bədrə şəhərinin yüzlərlə sakininin “kran suyunun şübhəli çirklənməsi” səbəbindən zəhərləndiyi barədə xəbərlər yatılıb. Lakin İlam Tibb elmləri universitetinin rektoru Casəm Məhəmmədi şəhərdə içməli suyun çirkləndiyini təkzib edib.
AzVision.az xəbər verir ki, “Hengaw” insan haqları təşkilatının verdiyi məlumata görə, mayın 14-dən bəri Bədrə şəhərinin ən azı 150 sakini çirklənmiş kran suyundan zəhərlənərək xəstəxanaya aparılıb.

Vətəndaşların Bədrə şəhərinin müvafiq dövlət qurumlarına müxtəlif müraciət və hesabatlarına baxmayaraq, hadisə ilə bağlı dəqiq cavab verilməyib. Hadisənin sabahı günü İlam Tibb elmləri universitetinin rektoru Casəm Məhəmmədi 333 Bədrə sakininin zəhərləndiyini və onların tibb mərkəzlərinə göndərildiyini təsdiqləsə də, bu zəhərlənməni “viral (virus)” və “yaz və payız fəsilləri” ilə əlaqələndirib. Şəhərdəki suyun çirkləndiyini təkzib edən rektor vətəndaşlara “şəxsi gigiyenaya hörmətlə yanaşmağı” məsləhət görüb.

Maraqlıdır ki, insanların sağlamlığı ilə bağlı təhlükələrin qarşısını almaq əvəzinə, bəzi turistlərin hicaba riayət etmədiyini əsas gətirən şəhər rəhbərliyi bir həftə əvvəl Bədrədə “Teng-e Kafərin” adlı əsas turistik yerin bağlanması qərarı verilmişdi. Şəhər valisi Yasir Əlizadə bildirmişdi ki, bu turizm zonasının yenidən açılması üçün turistlərin hicab vəziyyətinə nəzarətin yaradılması, mədəni irsin qaydalarına əməl etmək öhdəliyi və müvafiq qüvvələrin yerləşdirilməsi əsas şərtdir.

Qeyd edək ki, İranda vətəndaşların şübhəli zəhərlənmə hadisələri 2022-ci il noyabırın 30-da Qum məktəblərində başlayıb, daha sonra Borucerdə, bu il fevralın sonlarından isə bütün ölkəyə yayılıb.

İranın Kəşfiyyat nazirliyinin aprelin sonlarında verdiyi bəyanatda isə məktəblərə hücumlarla bağlı araşdırmaların yekun nəticəsi kimi qız məktəblərində zəncirvari zəhərlənmələrin daha çox yayılmasında “simulyasiya” və “kollektiv çaxnaşma”-nın əsas faktor olduğunu iddia edib.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər: İran   zəhərlənmə  





Xəbər lenti