İranın Azərbaycana qarşı aqressiyasına səbəb nədir? – Gürcü pilotoloqun fikirləri

   İranın Azərbaycana qarşı aqressiyasına səbəb nədir? –    Gürcü pilotoloqun fikirləri
  16 May 2023    Oxunub:2859
“İkinci Qarabağ müharibəsindən sonra Ankaranın Cənubi Qafqazda mövqeləri xeyli möhkəmləndi. Nəticədə Tehran Cənubi Qafqazda regional oyunçular arasında ən az təmsil olunan ölkəyə çevrilib. Rusiya, Türkiyə və Qərblə müqayisədə İranın Cənubi Qafqazda mövqeləri çox zəifdir. Hərbi sahədə region ölkələrinə praktiki olaraq heç bir təsiri yoxdur”.
Bu sözləri AzVision.az -a açıqlamasında gürcü politoloq, iranşünas, Yaxın Şərq və Qafqazın Öyrənilməsi İnstitutunun (İMECS) direktoru Vasili Papava deyib. O bildirib ki, Tehran beynəlxalq sanksiyalar və məhdud iqtisadi imkanlar səbəbindən Türkiyə ilə effektiv rəqabət apara bilmir. Amma İranın mədəni və ideoloji sahədə aktivliyi nəzərə çarpır. Yəni yerli şiə icmaları ilə işləmək baxımından ilk növbədə Azərbaycanda və Gürcüstanda fəaldır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Türkiyənin regional nəqliyyat kommunikasiyalarının, konkret olaraq Zəngəzur dəhlizinin açılmasını gündəmə gətirdiklərini xatırladan ekspert deyib ki, bu məsələdə Tehranın sərt mövqeyi dərhal nəzərə çarpdı. İran Ermənistanla ümumi sərhədi itirməkdən ehtiyat edir, çünki bu hissəyə Azərbaycan-Türkiyə birgə nəzarəti olsa, Tehranın Cənubi Qafqaza çıxışı məhdudlaşacaq. İranın Azərbaycan vasitəsilə Qara dəniz limanlarına çıxışı ola bilər ki, bu halda Bakı və Ankaradan asılı duruma düşmə riski var.
İrandan MAQATE-yə cavab: Yeni sentrifuqalar işə salınır

“İrəvanla Tehran arasında sıx münasibətləri nəzərə alsaq, İran-Ermənistan sərhədində Azərbaycan-Türkiyə nəzarətinin yaradılması İranın özünün şimal-qərb sərhədlərinə də geosiyasi təsirini sarsıdacaq. Məhz bu kontekstdə qeyd etmək lazımdır ki, rəsmi şəxslərin ritorikasının sərtləşməsi, Azərbaycan sərhədində hərbi təlimlər keçirməsi, konkret diplomatik addımlar – Qafanda konsulluğun açılması Ermənistanla tarixi sərhədlərdə dəyişikliklərin qarşısını almağa xidmət edir ”, - gürcü ekspert vurğulayıb.

V.Papava hesab edir ki, Tehranın bu münaqişəli durumu Azərbaycanla birbaşa hərbi toqquşma həddinə yüksəltməsi son dərəcə arzuolunmaz olardı. Çünki Türkiyənin kənarda durmayacağı və Azərbaycanı müdafiə edəcəyi aydındır. Bu da öz növbəsində İsrail və dünya güclərinin İrana qarşı münaqişəyə qoşulmasına səbəb olacaq.

“Bu, Tehranın “ərəb baharı”ndan sonra şübhə altına düşən regional ambisiyalarını müdafiə etməsinə və təhlükəsizlik məsələlərinə çox təsir edəcək. Söhbət regiondakı sünni dövlətlərinin - Yəmənin, İraqın, Livan və Suriyanın öz ölkələrində “şiə ekspansiyasını” minimuma endirmək istəyindən gedir. “Ərəb baharı” elə Tehranın regional ambisiyalarını cilovlamağa hesablanmışdı”, - həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Samir Vəliyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti