Bu işdə hamının "Əl"i var: Qazilər, generallar, yazıçılar, alimlər...

     Bu işdə hamının "Əl"i var:    Qazilər, generallar, yazıçılar, alimlər...
  25 Aprel 2023    Oxunub:5976
"Bir qazimizin əlində bir barmağı qalmışdı, digərinin isə qolu biləkdən kəsilmişdi. Biz onların əllərinin heykəllərini olduğu kimi də hazırladıq".
AzVision.az-ın budəfəki həmsöhbəti gənc heykəltəraş Namiq Hüseynovdur. O, həmkarı Kənan Əliyevlə birlikdə “Danışan əllər” layihəsini yaradıb.

- Bu, layihə 44 günlük Vətən müharibəsi zamanı təsadüf nəticəsində yarandı. Radio dinləyirdik, Prezident İlham Əliyev çıxış edirdi, "dəmir yumruq"la bağlı fikirlər səsləndirirdi. Biz də elə bu söhbətdən ilhamlandıq. Layihəmizə əvvəlcə vətən müharibəsi qəhrəmanlarının əllərinin heykəlini düzəltməklə başladıq. Daha sonra tanınmış sənət adamlarına da müraciət etməyə qərar verdik.



Həmin ərəfədə Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun xanımı Ülkər Hüseynova ilə görüşdük. Onun yaxın qohumu Fuad Əbdürrəhmanov haqqında film çəkirdik. Ülkər xanıma layihəmiz haqqında da danışdıq. O, ideyamızı çox müsbət qarşıladı və siyahımıza elm adamlarını, akademikləri də əlavə etməyi məsləhət gördü.

Beləliklə, yazıçımız Nəriman Həsənzadə ilə görüşdük. 90 illik yubileyi idi... Ardınca Ömər Eldarov, Fərhad Bədəlbəyli və başqalarına müraciət etdik.



Əməkdar rəssam Albert Mustafayevin əllərinin formasını hazırlayanda dedi ki, bu əllərlə “Bəhramgur” əsərini işləmişəm. Arif Babayevin əllərinin heykəlini isə qaval tuturmuş kimi hazırladıq. Əlibaba Məmmədovun əli də kolleksiyada yer alıb, - heykəltaraş təfərrüatları danışır.

Həmsöhbətimizin sözlərinə görə, aktrisalardan Şəfiqə Məmmədovanın, aktyorlardan Rasim Balayevin, Fəxrəddin Manafovun, yazıçılardan Anarın, Elçinin, Çingiz Abdullayevin, eyni zamanda Vətən müharibəsi qəhrəmanlarının, idmançılarımızın, qazilərimizin əllərinin heykəli var.

- Heydər Əliyev Fondunun dəstəyi və əməkdar rəssam, professor Teymur Rzayevin vasitəçiliyi ilə Tahir Salahovun ailəlisi ilə danışıb heykəltəraş Kənan Əliyevlə birlikdə onun ölümündən sonra maskasını və əllərinin formasını çıxardıq.

Bizdən əvvəl bu işi görkəmli heykəltəraş Fuad Əbdürrəhmanov Üzeyir Hacıbəyov və Səməd Vurğunun ölüm maskasını, Xalq rəssamı Tahir Salahov isə Rəşid Behbudov, Qara Qarayev və Niyazinin ölüm maskasını çıxarmaqla həyata keçirib.



- Layihəni işləyərkən təsirli məqamlar da olurdu. Məsələn, bir qazimizin əlində bir barmağı qalmışdı, digərinin isə əli yox idi. Heykəllərini də elə olduğu kimi hazırladıq. Təxminən 120-yə yaxın heykəl düzəltdikdən sonra qərara gəldik ki, muzey yaradaq.

Heykəltaraşlar hazırda Heydər Əliyevin 100 illiyinə hazırlaşırlar. Vaxtilə Heydər Əliyevin şəxsən tanıdığı, mükafat, orden və hərbi rütbə verdiyi 100 nəfərin əl heykəli də sərgiləyəcəklər.



-Ən böyük istəyimiz "Dəmir yumruq"un orjinalını hazırlamaqdır. Bununla bağlı təklif də vermişik. Qismət olsa,Qarabağda sərgiləmək niyyətindəyik.



































Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti