Zəlzələ ilə möhkəmlənən “üçbucaq” - Seymur Məmmədovun şərhi (Video)
İkinci Qarabağ Müharibəsindən sonra İsrail Azərbaycan və Türkiyə ilə eyni geosiyasi müstəvidə möhkəmləndi. Ankara ilə Yerusəlim arasındakı ağır dövrləri, çətin münasibətləri hamı xatırlayır. Əvvəllər Türkiyə və İsrailin eyni sahədə görünməsi təəccüblə qarşılanırdı. Amma o günlər geridə qaldı. Bu gün Bakı, Ankara və Yerusəlimi dostluq, müttəfiqlik və ümumi maraqlar birləşdirir.
Azərbaycan-Türkiyə-İsrail yeni formatdır və 44 günlük Vətən Müharibəsində artıqlaması ilə sınaqdan çıxıb, dağıdıcı zəlzələdən sonra isə möhkəmlənir. Qəhrəman Maraşdakı xəstəxananın fəaliyyətinin bərpasına İsrail Müdafiə Qüvvələri humanitar missiyasının hərbi həkimləri kömək edib. Onun bazasında çöl xəstəxanası yaradılıb, 140-a yaxın israilli həkim, tibb bacısı və digər işçilər cəlb olunub.
İsrail texnologiyasının yüksək səviyyədə olduğu məlumdur. Hazırda İsrailin bilik və bacarığı zəlzələnin nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır. Bu, İsrailin Türkiyəyə kömək etməkdə nə qədər ciddi olduğunu göstərir. Türkiyə tərəfi də bu yardımı minnətdarlıqla qəbul edir. Bu halda söhbət azərbaycanlı xilasedicilərdən və həkimlərdən getmir, çünki onlar Türkiyədə əcnəbi sayılmırlar. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun azərbaycanlı xilasedicilərlə görüşündə dediyi kimi, qardaşlar arasında heç bir borc ola bilməz.
Azərbaycana qardaş və dost olan iki dövlət arasında qurulan əlaqələr bu gün türk xalqına hər zamankından daha çox lazımdır. Belə münasibətlər həmişə olmayıb. 2011-ci ildə baş verən güclü zəlzələ zamanı Ankara İsrailin köməyindən imtina etmişdi. Həmin dövrdə münasibətlər “Azadlıq Donanması” insidenti səbəbindən xüsusilə gərgin idi. Daha sonra İsrail xüsusi təyinatlıları ilə qarşıdurmada 9 Türkiyə vətəndaşı həlak oldu. Türkiyə 2021-ci ildəki şiddətli meşə yanğınları zamanı İsrailə köməkdən imtina etdi. Lakin o zaman Azərbaycanın genişmiqyaslı yardımı və bir sıra digər ölkələrin köməyi ona kifayət etdi.
Bütün bunlara baxmayaraq, Bakı iki dostu arasında münasibətlərdə problemlərin aradan qaldırılması üzərində işləməyə başlaydı və məqsədinə çatdı. Prezident İlham Əliyevin incə diplomatiyası öz bəhrəsini verdi - ötən ilin avqustunda Türkiyə və İsrail fikir ayrılıqlarının qalmasına baxmayaraq, diplomatik münasibətlərin bərpa olunduğunu bəyan etdilər. Artıq səfirliklər açılıb. Bunu müəyyən mənada Azərbaycanın qələbəsi də adlandırmaq olar.
Təl-Əviv ilə Ankara arasında diplomatik münasibətlərin bərpasını şərh edən əksər israilli analitiklər Azərbaycan prezidentinin rolunu həmişə qeyd ediblər. Üç ölkənin bu cür yaxınlaşması deməyə imkan verir ki, Azərbaycanın iki müttəfiqi arasında gizli təmaslar əvvəllər də Bakı vasitəsilə davam edib. Hər şey deməyə əsas verir ki, indiki üçbucaq birdən-birə ortaya çıxmayıb. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə “Bayraktar”ları və İsrail “Harop”larının Azərbaycan səmasında yanaşı uçması bir növ simvola çevrildi, üç ölkənin ortaq maraqlarının və bölgədə ortaq səylərin tətbiq nöqtəsinin olduğunu göstərdi. Bu gün Türkiyə şəhərlərində çoxlu sayda İsrail komandasının işləməsi üçtərəfli formatın güclənməsini bir daha təsdiq edir.
Seymur Məmmədov
AzVision.az -ın rus versiyasının redaktoru