32 il əvvəl bu gün: Heydər Əliyevin müraciətindən sonra imzalanan qanun - FOTO

    32 il əvvəl bu gün:    Heydər Əliyevin müraciətindən sonra imzalanan qanun -    FOTO
  05 Fevral 2023    Oxunub:2964
32 il əvvəl bu gün Azərbaycan SSR-in adı və bayrağı dəyişdirildi, dövlətin adı Azərbaycan Respublikası, bayrağı isə ADR-in üçrəngli bayrağı elan olundu.
AzVision.az xəbər verir ki, bunu tarixçi Tural Həmid deyib.

Onun sözlərinə görə, bununla bağlı qanun noyabrın 29-da Prezident Ayaz Mütəllibov Naxçıvan MR deputatı Heydər Əliyevin müraciətindən sonra imzalamışdı.



Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilmiş dövlət bayrağımızdakı mavi rəng türklük, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng İslam sivilizasiyasına məxsusluq deməkdir.

1920-ci ilin 28 aprel işğalından sonra bayrağımız dövlət qurumlarının binaları üzərindən ürəklərə köçdü. Xalqımız üçrəngli bayrağı başı üzərində dalğalandırmaq arzusunu uzun illər qəlbində yaşatdı.

1988-ci ildə bədnam ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdi xalqın ayağa qalxmasına səbəb oldu. Noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Bakının Azadlıq meydanında qaldırılsa da, rəsmi olaraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə bu qurumun binası üzərində ucaldılmışdır. Bu qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Muxtar Respublikanın rəsmi bayrağı kimi qəbul olundu. Bu qərar üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsində mühüm rol oynadı. Belə ki, ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət bayrağı haqqında qanun qəbul etdi və üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusu verildi. Həmin il oktyabrın 18-də dövlət müstəqillyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi edərkən, onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını da qəbul etdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti