Universitetdən bildirilib ki, rektor Vilayət Vəliyev İftixar Çələbini kollektivə təqdim edib. Bildirib ki, İ.Çələbi uzun illər AzTU-da müxtəlif vəzifələrdə çalışıb. Onun həm tədrisin aparılması, həm də tədqiqatların yerinə yetirilməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Eyni zamanda İ.Çələbi texnika elmləri namizədidir. Bütün bunlar İ.Çələbinin Yüksək Təhsil İnstitutuna direktor vəzifəsinə təyinatının doğru addım olduğunu təsdiqləyir. Rektor deyib ki, Yüksək Təhsil İnstitutuna Magistratura və Doktorantura şöbələri daxildir. İ.Çələbinin rəhbərliyi ilə bu şöbələrdə tədrisin və tədqiqatın keyfiyyətinin daha da yüksəldilməsi, yeni innovativ yanaşmaların tətbiq edilməsi qarşıya qoyulan başlıca hədəflərdəndir.
Daha sonra çıxış edən İ.Çələbi ona göstərilən etimada görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2006-cı ildə Almaniyanın Aleksandr Humboldt Fondunun təqaüdünə layiq görülən İ.Çələbi fondun dəvəti ilə 2006-2008-ci illərdə Ştutqart Universitetinin Maşın Elementləri İnstitutunda elmi-tədqiqat işləri aparıb. O, həmçinin müxtəlif xarici universitetlərdə elmi-pedaqoji təcrübə keçib. 2019-2021-ci illərdə AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri vəzifəsində çalışıb.
AzVision.az