Quranda adı keçən qeybə çəkilmiş əhd sandığının sirri nədir?

    Quranda adı keçən qeybə çəkilmiş  əhd sandığının sirri nədir?
  15 Aprel 2022    Oxunub:3904
Əhd sandığı. Onun başqa bir adı “Tabutu-Səkinə”dir. Bu barədə Müqəddəs Kitabımız Qurani-Kərimdə də ayə var. Bu günə qədər Əhd Sandığı barədə saysız araşdırmalar aparılıb, müxtəlif məqalələr yazılıb, bir çox iddialar, versiyalar irəli sürülüb. Bu məqalədə bəzi alimlərin fikirlərinə yer verməyə çalışacağıq.
Sandıq miladdan öncə 587-ci ildə Babil qoşunlarının Qüdsü işğalından sonra yoxa çıxır. O gündən bəri qeybə çəkilən bu əşya bir çox əfsanəyə səbəb olub. Tarix boyu krallar, hakimlər, alimlər, din xadimləri tərəfindən araşdırılan sandıq günümüzdə hətta xüsusi xidmət orqanları tərəfindən də axtarılır. Hətta deyilənlərə görə, CİA və MOSSAD-ın onu tapmaq vəzifəsi daşıyan şöbələri də var. Hətta Hitlerin də Əhd Sandığını tapmaq üçün ekspedisiya təşkil etdiyi iddia edilir. Hər üç Müqəddəs Kitabda adı çəkilən sandığı niyə hər kəs axtarır? Səbəblər çoxdur. Məsələn, dini mənbələrə görə, axirətdə bu sandıq Həzrəti İsa və ya Həzrəti Mehdi tərəfindən tapılacaq. Bu sandığa sahib olan şəxs bütün dünyaya hakim olacaq. Bəzi iddialara görə sandıq İstanbulda gizlədilib.

Professor-doktor Ömər Faruk Harmanın fikrinə görə, Əhd Sandığı Tövratda da yer alan bir mövzudur və onun Hz. Musaya Tanrı tərəfindən hazırlanması əmr edilib. Yəhudi inancına görə, Tanrı tarix boyunca müxtəlif insanlarla əhd bağlayıb. Məsələn, bu əhdlərdən biri İbrahim Peyğəmbərlə Tanrı arasında bağlanıb. Əhdə görə, İbrahim Tanrının dinini yayacaq, insanları düz yola aparacaq, Tanrı isə İbrahimin soyunu, davamçılarını, nəslini dəryada dənizin qumunun sayı qədər edəcək. Bu əhdin, anlaşmanın simvolu sünnətdir. İbrahim Peyğəmbərdən başlayaraq oğlan uşaqları sünnət olunur. Digər bir anlaşma Nuh Peyğəmbərlə olub. Bilindiyi kimi, Nuh Peyğəmbərin qövmü üsyan edir və Tanrı onları tufanla cəzalandırır. Sonra isə Tanrı və Nuh arasında anlaşma olur - əgər Nuhun qövmü 10 qaydaya əməl etsə, Tanrı bir də onları cəzalandırmayacaq. Bu 10 qanun və əxlaq qaydaları haqqında Qurani-Kərimin İsra surəsində də söz açılır. Bu əhdin rəmzi isə göy qurşağıdır.

Tanrı və Musa Peyğəmbər haqqında bağlanan əhdə əsasən, İsrail oğulları Tanrı tərəfindən göndərilən ilahi qaydalara, Tövrata əməl edəcək, əvəzində isə mükafatlandırılacaqlar. Əhd sandığı da bu əhdlərin nişanlarının, sənədlərinin saxlandığı bir sandıqdır. Tövrata görə, Musa Peyğəmbər Allahın əmri ilə, Onun dediyi ölçülər çərçivəsində akasiya ağacından bir sandıq düzəldir. Sandığın qulpları var və qulplara ağac keçirərək onu öndə iki, arxada iki nəfər tərəfindən daşımaq mümkündür. Sandığa Tövratdan bir nüsxə, Musanın 40 il səhrada qövmü ilə gəzərkən yediyi qüdrət halvasından bir kasa, Harun Peyğəmbər və Musa Peyğəmbərin möcüzələr yaratdığı sehirli əsa, Sina dağında Musaya Allah tərəfindən verilən, yəhudi inancına görə, bilavasitə elə Tanrı tərəfindən qələmə alınan 10 qanunun yer aldığı 2 daş lövhə qoyulub. Yəhudi inancına görə, Peyğəmbər bu sandıq vasitəsilə Allahla ünsiyyət qururmuş və sandıq xüsusi bir çadırda, xüsusi bir yerdə qorunurmuş (burada söhbət Musanın qövmü ilə 40 il səhrada gəzməyindən gedir). Sandığa ancaq seçilmiş insan yaxınlaşa bilər. Bu zaman o, təmiz və xüsusi geyimdə olmalı idi. İddiaya görə, sandığa toxunan insan dünyasını dəyişir. Hətta Davud Peyğəmbər Qüdsü ələ keçirdikdən sonra sandığı oraya apartdırır. Bu əşya heyvanların dartdığı arabada olur və ona nəzarət edən şəxsin ayağı səndələyir və yıxılır. Bu zaman əli sandığa toxunan nəzarətçi dünyasını dəyişir

Məqalədən görüldüyü kimi, sandığın yeri barədə çox müxtəlif iddialar, rəvayətlər dolaşır. Amma bilinən bir gerçək var ki, Əhd Sandığı bu gün də axtarılır və hələ tapılmayıb.


Teqlər:





Xəbər lenti