Əfsanəvi kəşfiyyatçının məzarı Rusiyaya gətiriləcəkmi?

  Əfsanəvi kəşfiyyatçının məzarı Rusiyaya gətiriləcəkmi?
  28 Yanvar 2022    Oxunub:2421
"Yaponiya hökuməti Rusiyadan kəşfiyyatçı Rixard Zorgenin qalıqlarının təhvil verilməsi üçün hələlik heç bir təklif almayıb". AzVision.azxəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfirliyinin yaydığı açıqlamada məlumat verilib.
“Tokiodan verilən cavaba əsasən, hazırda Yaponiya hökuməti bu şəxsin qalıqlarının təhvil verilməsi ilə bağlı Rusiya tərəfdən hər hansı təklif almayıb. Ona görə də təfərrüatları şərh edə bilmərik”, -səfirliyin açıqlamasında deyilir.

Xatırladaq ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib ki, ölkəsi hazırda kəşfiyyatçı Rixard Zorgenin dəfni məsələsi ilə məşğuldur. Nazirin sözlərinə görə, Zorge Rusiyada, Saxalinin cənubunda və ya Kurildə yenidən dəfn oluna bilər. Lavrov qeyd edib ki, Moskva kəşfiyyatçının dəfn olunduğu Yaponiyadan onun məzarı ilə bağlı məsələnin yekun müsbət həllini axtarır.

Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Zorge əslən Bakıdandır. Atası milliyyətcə alman olan Adolf Zorge 1885-ci ildə Bakıya gələrək neft texniki vəzifəsində çalışıb. Rixard Zorge (1895-1944) Yaponiyada "Ramsay" və "Inson" ləqəbləri ilə işləyən əfsanəvi kəşfiyyatçı olub. O nasist Almaniyasının Sovet İttifaqına hücumunun dəqiq tarixini öyrənə bilib. Zorge həmçinin 1941-ci ilin sentyabrında Kremlə dəqiq məlumat ötürüb ki, Yaponiya Almaniyanın tərəfində müharibəyə qoşulmayacaq. Bu isə 41-ci ilin payızında məşhur Sibir diviziyalarının Moskvanın müdafiəsinə keçməsinə imkan yaradıb. O, 1933-cü ildən Yaponiyada Alman qəzetinin müxbiri kimi çalışıb. Demək olar ki, hər gün "radioqramlar" ötürən Zorge 1941-ci ildə həbs edilib, 1944-cü ildə isə edam olunub. Kəşfiyyatçı ümumi məzarlıqda basdırılıb.



Onun həyat yoldaşı Hanako İsii beş il ərzində Zorgenin eksqumasiyası üçün hakimiyyətdən icazə istəyib. Nəhayət 1949-cu ildə o, qalıqlara baxış keçirdikdən sonra Zorgeni tanıyıb və onu öz pulu ilə Tama qəbiristanlığında xüsusi ərazi alaraq yenidən dəfn edib. İsii 1956-cı Zorgenin məzarının üstünə xüsusi boz daş qoydurub və ora yapon dilində "Burada sülh uğrunda mübarizədə canından keçmiş müharibə qəhrəmanı uyuyur" yazdırıb.

Zorge 1964-cü ildə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Hanako İsii uzun illər bu məzarı qoruyub, 2000-ci ildə isə vəfat edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zorge   Yaponiya   Kəşfiyyatçı   Rusiya   Məzar  





Xəbər lenti